Nadir İsmayılov: Yekaterinburqda OMON dəstələrinin azərbaycanlılara qarşı vəhşiliyi ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin yeni formada təzahürüdür

“Bir neçə gün öncə Yekaterinburqda Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı OMON dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qəddar vəhşilik bir çox məqama işıq saldı. Əvvəla bu, artıq bir neçə ildir sistemli şəkildə dərinləşən Rusiya faşizminin açıq və rəsmi təzahürüdür. Özü də bu hadisə təkcə cinayət xarakteri daşımır. Hesab edirik ki, bu, milli və irqi nifrət əsasında həyata keçirilmiş, dövlət tərəfindən himayə edilən ideoloji zorakılıq aktıdır”.

QHT.az xəbər verir ki, bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov deyib. O, qeyd edib ki, Rusiya OMON-un Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahibi olduqları kafeyə də basqın ediblər: “Bunu Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgiz Səfərov bildirib. Həm evlərə basqın zamanı, həm də kafedə törədilən vəhşiliklər, əslində, belə deməyə əsas verir ki, OMON-un azərbaycanlılara qarşı vəhşiliyi ermənilərin Xocalıda xalqımıza qarşı törətdikləri misilsiz cinayətlərin ruhunu daşıyır. Yəni Yekaterinburq olayları heç də təsadüfi deyil. Bunu hər kəs yaxşı bilməlidir. Bu məlumun elanıdır! O mənada ki, XXI əsrdə bir insanın milli mənsubiyyətinə görə döyülməsi, təhqir olunması, palçıq yeməyə məcbur edilməsi, hətta döyülərək özünə kabab bişirtməyə məcbur edilməsi, rus faşizminin nə qədər ifrat və amansız bir mərhələyə çatdığını göstərir”. 
N.İsmayılov deyib ki, “göründüyü kimi, bu, bizə 1992-ci ildə Xocalıda erməni silahlı qüvvələrinin törətdiyi dəhşətli soyqırımı xatırladır. Orada da sırf azərbaycanlı, türk olduqları üçün körpələr süngüyə keçirilir, qadınların döşləri kəsilir, anaların kəsilmiş döşü körpələrin ağzına basılır, bədənlər doğranırdı. Günümüzdə, Yekaterinburqda OMON-un azərbaycanlılara qarşı etdiyi alçaldıcı və qeyri-insani rəftar da eyni zehniyyətin – azərbaycanlılara və ümumilikdə türklərə qarşı sistemli nifrətin davamıdır. Sadəcə bu dəfə həmin vəhşiliyi edən erməni silahlıları deyil, Rusiya OMON-udur! Sadəcə silah əvəzinə bu dəfə rezin dəyənəklər və digər vəhşi üsullardan istifadə olunur! Bu paralellik təsadüfi deyil. Bu, Rusiya faşizminin və erməni şovinizminin eyni mərkəzdən qidalanan, həmçinin türk xalqlarına qarşı yönəlmiş ideoloji qardaşlığıdır. Bir qədər də açsaq, yuxarıda qeyd etdiyimiz kimi, əslində bu, Yekaterinburqda OMON dəstələrinin azərbaycanlılara qarşı vəhşiliyi ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin yeni formada təzahürüdür”.

N.İsmayılov daha sonra deyib: “Bu sadaladıqlarımız Rusiyanın arzusu və qanlı istəyidir. Özü də dövlət səviyyəsində istəyi. Ancaq indi məsələ Rusiyanın nə istəməsindən daha çox, Azərbaycan dövlətinin və xalqının sərgilədiyi mövqedir. Dövlətimizin mövqeyi bəllidir. Rusiyanın AZAL terrorunda sərgilənən sərt mövqe bir daha ortaya qoyulub. Yekaterinburq vəhşiliyi ilə bağlı Rusiya dövlətinin məsuliyyəti Kremlin nəzərinə çatdırılıb. Beynəlxalq hüquqa uyğun olaraq bütün addımlar atılır. Eyni zamanda Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsindən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub. azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür. Digər vacib və alqışa layiq addımlar atılıb və atılmaqda davam edir. Bəli, göründüyü kimi qüdrətli Azərbaycan dövləti yenə də hər bir azərbaycanlının yanındadır. Bizə düşən isə hər zaman olduğu kimi birlik nümayiş etdirmək, bir daha yumruq kimi birləşmək və dövlətimizin, cənab Prezident İlham Əliyevin yanında olmaqdır. Çünki güc birlikdədir!”