Bu gün Sosial Xidmətlər Agentliyi fəaliyyətinin 5 illiyini qeyd edir. Qısa zamanda böyük işlərə imza atan Agentlik “Diqqət, Dəyər, Qayğı” prinsipləri ilə minlərlə insana dəstək olub, sosial xidmət sahəsində yeni keyfiyyət mərhələsi yaradıb.
Bu fikirlər “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin sosial sahədə aparılan islahatlar ilə bağlı məqaləsində yer alıb.
QHT.az məqaləni təqdim edir.
İslahatların uğuru idarəetmə modeli və texnologiyadan başlayır
Sosial islahatların uğurla həyata keçirilməsi üçün təkcə normativ-hüquqi çərçivənin yenilənməsi yetərli deyil. Bu islahatların ilkin mərhələlərində əsas diqqət idarəetmənin strukturlaşdırılmasına, funksionallığın artırılmasına, rəqəmsal texnologiyaların tətbiqinə və şəffaflığın təmin olunmasına yönəldilməlidir. Çünki effektiv struktur və texnoloji baza olmadan aparılan islahatlar yalnız səthi dəyişikliklərlə məhdudlaşır və dayanıqlı nəticələr vermir.
Məhz bu səbəbdən sosial sahədə aparılan islahatlarla paralel olaraq idarəetmə institutlarında struktur dəyişiklikləri həyata keçirildi, müasir elektron sistemlər quruldu və ictimai nəzarət mexanizmləri gücləndirildi. Bu yanaşma həm vətəndaş məmnunluğunu artırdı, həm də dövlətin sosial sahədə çevik və şəffaf fəaliyyətinə zəmin yaratdı.
Prezident fərmanları ilə strateji addımlar
Bu istiqamətdə atılan mühüm addımlardan biri 2019-cu il 30 dekabr tarixində Prezident İlham Əliyev tərəfindən imzalanan “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman oldu. Sənəddə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin artırılması və idarəetmənin müasirləşdirilməsi məqsədi əks olunurdu.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində bir sıra publik hüquqi şəxslər – Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, eləcə də Sosial Xidmətlər Agentliyi yaradıldı. Bu struktur islahatları sosial sahədə xidmətlərin daha çevik və səmərəli göstərilməsinə imkan verdi.
Yeni yanaşma və innovativ model
2020-ci il 30 iyun tarixli Fərmanla Prezident İlham Əliyev Sosial Xidmətlər Agentliyinin yaradılmasını və onun nizamnaməsinin təsdiqini rəsmiləşdirdi. Digər publik hüquqi şəxslər əsasən mövcud qurumların bazasında formalaşsa da, Sosial Xidmətlər Agentliyi tamamilə yeni ideya və yanaşma əsasında quruldu. Bu, Agentliyin fəaliyyətində innovativ mexanizmlərin tətbiqinə və müasir sosial xidmət konsepsiyasının reallaşdırılmasına geniş imkanlar yaratdı.
“Diqqət, Dəyər, Qayğı” – Dövlətin sosial yanaşmasının simvolu
Sosial Xidmətlər Agentliyinin fəaliyyət fəlsəfəsinin əsasını təşkil edən “Diqqət, Dəyər, Qayğı” şüarı təsadüfi seçilməyib. Bu ifadə dövlətin sosial sahəyə yanaşmasının mahiyyətini, insan mərkəzli islahatların ruhunu və vətəndaşa xidmət fəlsəfəsini özündə əks etdirir.
Agentliyin fəaliyyətində hər bir vətəndaşın ehtiyacına həssas və fərdi yanaşma, insan ləyaqətinə verilən yüksək dəyər və sosial siyasətin əsasını təşkil edən davamlı qayğı prinsipləri mühüm yer tutur. Sosial xidmətlərin əsas məqsədi cəmiyyətdə hər bir fərdin özünü faydalı, dəyərli və cəmiyyətin ayrılmaz bir hissəsi kimi hiss etməsini təmin etməkdir.
Göstərilən qayğı yalnız gündəlik ehtiyacların qarşılanması ilə məhdudlaşmır. Bu, uzunmüddətli dəstəyi, sosial ədalətin və bərabər imkanların təminini, eləcə də cəmiyyətin ən həssas üzvlərinə – yaşlılara, əlilliyi olan şəxslərə, azyaşlılara və müharibə iştirakçılarına yönəlmiş ardıcıl və sistemli yanaşmanı ehtiva edir.
Bu üç dəyərin – diqqətli yanaşmanın, insana verilən dəyərin və davamlı qayğının – vəhdəti Azərbaycan dövlətinin sosial siyasətə yanaşma tərzini müəyyənləşdirir. Bu yanaşma cəmiyyətin rifahına, sosial ədalətin bərqərar olmasına və vətəndaş məmnunluğunun təmininə xidmət edən mühüm strateji istiqamətdir.
Effektiv sosial xidmət modeli
Sosial Xidmətlər Agentliyinin nəzdində hazırda 21 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Yeni yanaşmanın əsas mahiyyəti yalnız vacib dəstək mexanizmlərinin təqdim olunması ilə kifayətlənməmək, eyni zamanda sosial xidmətə ehtiyacı olan şəxslərin cəmiyyətin həyatında digər vətəndaşlarla bərabər şəkildə iştirak etmələrinə şərait yaratmaqdır. Bu, inklüzivliyin təşviqinə və sosial inteqrasiyanın gücləndirilməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış şəffaf və effektiv idarəetmə sistemi çərçivəsində Sosial Xidmətlər Agentliyi də dövlətin sosial siyasətində aparılan islahatların icrasında üzərinə düşən vəzifələri uğurla icra edir. Agentliyin fəaliyyəti sosial xidmətlərin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və xidmətlərin əlçatanlığının təmin olunması baxımından mühüm rol oynayır.
Mənzil və avtomobil təminatında uğurlu nəticələr
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı sahəsində əldə olunan nəticələr Sosial Xidmətlər Agentliyinin uğurlu fəaliyyətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilən mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişləndirilib və ümumilikdə isə 16 minə yaxın həssas qrupa daxil olan vətəndaş bu proqramdan yararlanıb.
Avtomobil təminatı istiqamətində də ciddi irəliləyişlər əldə edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumilikdə 7800-dən çox avtomobil təqdim olunub. 2024-cü ildə bu təminatla növbədə olan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı tam şəkildə yekunlaşdırılıb. Bu göstəricilər sosial dəstək mexanizmlərinin səmərəli, ardıcıl və şəffaf şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Ailə mühiti əsasdır
Sosial Xidmətlər Agentliyi valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi və onların ailə mühitində böyüməsinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Agentliyin fəaliyyətində bu sahə prioritet istiqamətlərdən biri olaraq xüsusi yer tutur.
2019-cu il 1 noyabr tarixindən 2024-cü ilin sonunadək ümumilikdə 676 uşaq övladlığa verilib. Bu proses yeni yaradılmış alt sistem vasitəsilə şəffaf şəkildə idarə olunur. Eyni zamanda dövlətin bu sahəyə nəzarəti davam edir və övladlığa götürülmüş uşaqlarla bağlı mütəmadi monitorinqlər aparılır.
Bununla yanaşı, son illərdə “Himayədar ailə” adlı yeni bir sosial qayğı modeli də uğurla tətbiq edilməyə başlanıb. Bu model çərçivəsində indiyədək 37 uşaq himayədar ailələrə verilib. Hər iki model – həm övladlığa götürmə, həm də himayədar ailə sistemi – uşaqların ailə mühitində yaşamasını təmin edən mühüm sosial müdafiə vasitələridir.
Ən vacib məqamlardan biri isə odur ki, Sosial Xidmətlər Agentliyi yalnız nəticəyə deyil, problemin səbəblərinin aradan qaldırılmasına da yönəlik davamlı fəaliyyət göstərir. Bu çərçivədə, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin olunması məqsədilə günərzi mərkəzləri yaradılır. Bu fəaliyyətlər, uşaqların ailədən ayrılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər kimi xüsusi əhəmiyyət daşıyır.
Siyasi iradənin və qayğının nəticəsi
Sosial Xidmətlər Agentliyi fəaliyyət göstərdiyi dövr ərzində onlarla beynəlxalq sertifikat və mükafata layiq görülmüş, beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmişdir. Agentliyin əməkdaşlarının xarici ölkələrdə ixtisasartırma proqramlarında iştirak etməsi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu amillər qurumun fəaliyyətində düzgün idarəetmənin və sistemli yanaşmanın əsas göstəricilərindəndir.
Agentlik ictimai iştirakçılığın təmin olunmasına xüsusi önəm verir. Bu məqsədlə Bakı şəhərində və regionlarda davamlı ictimai dinləmələr keçirilir, vətəndaş məmnunluğunun qiymətləndirilməsi üzrə sorğular təşkil olunur. Eyni zamanda vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq qurulmuşdur.
Sosial şəbəkələr və qurumun rəsmi internet səhifəsi vasitəsilə media və ictimaiyyətə operativ və ətraflı məlumatlar çatdırılır. Vətəndaş müraciətləri vaxtında və operativ şəkildə cavablandırılır. Təşkilatın illik fəaliyyət hesabatları isə ictimaiyyətə açıq şəkildə təqdim edilir ki, bu da şəffaflığın və ictimai etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qazanılan bu uğurlar Prezident İlham Əliyevin sosial sahəyə verdiyi xüsusi diqqət və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına qoyduğu strateji hədəflər çərçivəsində mümkün olmuşdur. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial məsələlərə göstərdiyi həssas yanaşma və dəstək də həyata keçirilən sosial proqramların davamlılığında və insan mərkəzli yanaşmanın qorunmasında mühüm rol oynayır.