"Azərbaycan Avropa İttifaqının etibarlı qaz təchizatçısı olaraq rolu güclənir" – Elşad Məmmədov

Azərbaycan Avropa İttifaqı tərəfindən etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı olaraq təsdiq edilib.

Bu ölkənin beynəlxalq enerji siyasətindəki mövqeyini daha da gücləndirir və strateji əhəmiyyətini artırır. İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov bu məsələyə dair QHT.az-a açıqlama verib.

Professor qeyd edib ki, Azərbaycan Avropa İttifaqının enerji balansının təminatında rolunu genişləndirir və bu proses yaxın perspektivdə daha da dərinləşəcək. Onun sözlərinə görə, Avropa qaz təminatı nöqteyi-nəzərdən Azərbaycanla əməkdaşlığa hər keçən ay daha çox önəm verir:

"Hesab edirəm ki, Azərbaycan Avropa İttifaqının enerji balansının təminatında rolunu genişləndirir və bu proses yaxın müddətli perspektivdə daha da dərinləşəcək. Nəzərə almaq lazımdır ki, Avropa qaz təminatı nöqteyi-nəzərdən Azərbaycanla əməkdaşlığa demək olar ki, hər keçən ay daha da çox önəm verir. Fikrimcə, bu proses davam edəcək, çünki Avropanın bir tərəfdən elə də çox alternativi yoxdur, digər tərəfdən isə Azərbaycan öz xarici iqtisadi tərəfdaşları qarşısında mühüm tərəfdaş kimi mövqeləşib. Zənnimcə, qaz təchizatı nöqteyi-nəzərdən bizim imkanlarımız yaxın aylarda və illərdə genişlənəcək və eyni zamanda, təbii ki, Azərbaycanın valyuta daxilolmaları nöqteyi-nəzərdən qaz ixracının ölkəmizə gətirdiyi dividendlər ölkəmizin sosial və iqtisadi istiqamətdə reallaşdırmalı olduğu layihələrdə öz rolunu oynamalıdır. Ona görə də düşünürəm ki, Azərbaycanın Avropanın qaz təminatındakı rolu bir tərəfdən Avropa üçün xüsusi əhəmiyyət daşıyır, digər tərəfdən, bunun Azərbaycanın maliyyə resurslarının genişlənməsindəki payı ölkəmiz üçün bu əməkdaşlığı daha da konstruktiv və effektli edir".

 

Pərvanə Fərhadqızı

QHT.az