QHT- nin “Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsi davam edir - FOTOLAR
“Regional İnkişaf” İctimai Birliyinin “Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsi davam edir.
QHT.az xəbər verir ki, təlimçi Tofiq Sadıxov tərəfindən "Layihələrin yazılması və idarəedilməsi" mövzusunda keçirilən təlimdə iştirakçılara layihələrin planlaşdırılması, effektiv şəkildə yazılması və idarə olunması üzrə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar aşılanıb.
"Xarizmatik Lider" mövzusunda keçirilən digər təlimdə isə liderin xarizmasına nələrin aid olduğu və bu xarizmadan bir lider olaraq necə istifadə etməli olduğu mövzusunda geniş müzakirə aparılıb.
Təlimin ikinci hissəsində gənclər öz namizədliklərini "Neftçala Gənclər Parlamenti"nin sədrliyi üçün irəli sürüblər. 4 namizəd öz komandası ilə birlikdə seçki marafonu üçün platforma hazırlayaraq təqdimat edib. Sonda bütün iştirakçıların ümumi və gizli səsverməsi ilə gənclər arasından bir nəfər Gənclər Parlamentinə sədr seçilib.
Qeyd edək ki, layihə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq məqsədilə həyata keçirilir.