“Mənə işıq göstər” layihəsi çərçivəsində təlimçilər üçün təlimlər keçirildi - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mənə işıq göstər” layihəsinin ilk mərhələsi, Təlimçilər üçün Təlimlər (TOT) Şamaxı rayonunda keçirilib.
QHT.az xəbər verir ki, layihə erkən nikahlarla mübarizədə yaşlı nəslin maarifləndirici rolunu gücləndirməyi, onların bilik və təcrübəsini gənclərlə bölüşmək üçün sistemli fəaliyyətə cəlb olunmasını hədəfləyir. Şamaxıda baş tutan təlimdə 9 nəfər yaşlı təlimçi, 2 ekspert (psixoloq və həkim) və layihə heyəti iştirak edib.
Təlim zamanı iştirakçılara erkən nikahların tibbi, psixoloji və sosial fəsadları barədə ətraflı məlumat verilib. Həkim ekspert reproduktiv sağlamlıq, erkən hamiləlik və doğumun qadın və yenidoğulmuş körpələr üçün yaratdığı risklərdən danışıb. Psixoloq isə erkən nikahın emosional nəticələri, şəxsiyyətin inkişafına olan mənfi təsiri ilə bağlı təqdimatla çıxış edib. Təlimdə interaktiv müzakirələr və qrup tapşırıqları ilə yanaşı, iştirakçılara effektiv ünsiyyət və stereotiplərlə işləmək bacarıqları da aşılanıb.
Qeyd edək ki, TOT təlimi layihənin növbəti mərhələsi üçün hazırlıq xarakteri daşıyır. Layihə çərçivəsində Ağdaş, Yevlax, Şamaxı, Ağsu və Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında qarışıq auditoriyalarla maarifləndirmə görüşləri keçiriləcək. Bu görüşlərdə təlim keçmiş yaşlı nəslin nümayəndələri aktiv çıxış edərək erkən nikahın fəsadları haqqında fikirlərini bölüşəcəklər.