İctimai Şura üzvünün 55 yaşı tamam olur
Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədr müavini Leyla Nəsirovanı bu günlər dostları, həmkarları, onu tanıyanlar yubiley yaşı münasibəti ilə təbrik edirlər. Leyla xanım 55 il əvvəl, 1970-ci ildə respublikamızın qədim şəhərlərindən birində, Salyanda dünyaya gəlmişdir.
Bu gün böyük bir kollektivdə - Salyan Rayon Mərkəzi Xəstəxanasında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis işləyən Leyla xanım çox erkən yaşlarından jurnalistikaya maraq göstərmişdir. Yaradıcılıq yolu da necə deyərlər, parta arxasından, məktəb xəbərləri yazmaqla başlamışdır. Divar qəzetlərində, sonralar Salyan Rayon yerli Radio Verilişləri Redaksiyasında, “Qələbə” qəzetində xəbərləri yer almış, zəhməti və istedadı ilə özünəməxsus qələm sahibi kimi formalaşmışdır.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qiyabi daxil olan Leyla Nəsirova yerli radio verilişləri redaksiyasında diktor kimi əmək fəaliyyətinə başlayır. Onun yaradıcı kollektivə gəlişi ilə radionun efirində yeni rubrikalar yaranır, əxlaqi-mənəvi dəyərlərə dair canlı verilişlər təşkil edilir, günün aktual məsələlərinə həsr olunmuş müəllif verilişləri dinləyicilərin rəğbətini qazanır. Azərbaycan Jurnalistlər Birliyi gənc jurnalisti öz sıralarına qəbul edir.
Leyla xanımın sonrakı yaradıcılıq yolu Salyan rayonunun ictimai-siyasi qəzeti olan “Qələbə” ilə bağlı olub. Bu yol isə nə az-nə də çox, düz 27 il əvvəl başlayıb. Bu illərdə gənc jurnalist təcrübə toplayıb, püxtələşib, yeni yaradıcılıq imkanları üzə çıxıb. Maraqlı, məzmunlu qəzet materialları ilə bərabər nəsr yaradıcılığı ilə məşğul olub. Hekayələri ilə müsabiqələrə qatılıb və fərqlənib. İki dəfə Azərbaycan Qadinlarının qurultayında rayon qadınlarını təmsil edib.
Leyla Nəsirova Salyan rayonunun ictimai-siyasi həyatında da yaxın iştirak edir. O, Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədr müavini və “ Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin idarə heyətinin üzvü kimi ictimai iş aparır. 2009-cu ildən başlayaraq 10 ildən çox bir müddətdə “Ana Kür” qəzetində ictimai əsaslarla icraçı direktor vəzifəsini yerinə yetirib.
Onun əməyi Azərbaycan Mətbuat Şurası, Azərbaycan Jurnalistlər Birliyi, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən diplom, fəxri fərman, təşəkkürnamə və digər təltiflərə layiq görülüb.
Leyla xanım ailə xoşbəxtliyini də sevib-seçdiyi sənətdə qazanıb. Həyat yoldaşı Təyyar Nəsirli respublikanın tanınmış telejurnalistlərindən biridir. Vaxtı ilə onun da yolu Salyanın 100 yaşlı qəzeti olan “Qələbə”dən geçib. Uzun illər bu qəzetdə məsul katib işləyib. İki istedadlı qələm sahibinin də yolları məhz burada birləşib.
Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə Təyyar müəllimin də 65 yaşı tamam olacaqdır. Onlar bu gün də qəzetlə, doğma kollektivlə əlaqəsini kəsmir, qəzetin bütün fəaliyyətinə dəstək olurlar.
“Qələbə”nin yaradıcı kollektivi öz peşə dostlarını yubileyləri münasibəti ilə təbrik edir, onlara fəaliyyətlərində yeni- yeni yaradıcılıq uğurları və ailə sevincləri arzulayır.
Rüstəm Məlikov
Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri,
“Qələbə” qəzetinin baş redaktoru