Agentliyin dəstəklədiyi layihədə məqsəd iştirakçıları maarifləndirmək idi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Hibrid təhdidlərə qarşı yerli mediada iş” layihəsi çərçivəsində Zaqatala rayonu, Maqov kəndində “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirildi.
QHT.az xəbər verir ki, iştirakçılar Qarabağ uğrunda həyatını qurban verən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdi. Tədbiri giriş sözü ilə layihənin koordinatoru və eyni zamanda təşkilatın rəhbəri Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı ilə tanış etmişdir.
Təlimçi İbrahim İbrahimov çıxış edərək demişdir:-son dövrlərdə beynəlxalq münasibətlərdə baş verən gərgin hadisələr, yaxın-uzaq regionlarda yaşanan hərbi qarşıdurmalar “hibrid müharibə” məsələsini daha da aktuallaşdırmışdır. Hibrid təhdidlər dedikdə söhbət öncədən düşünülmüş, planlı bir dağıdıcı strategiyadan gedir. Hibrid müharibə tərəflərin informasiya-psixoloji qarşıdurması, dezinformasiyalar vasitəsilə yönləndirmələri özündə əks etdirir. Analitiklər gələcək müharibələrin məhz hibrid xarakteri daşıyacağını da istisna etmirlər. Son illərdə dünya dövlətləri bu istiqamətdə hazırlıq səviyyəsini artırmaqdadır Azərbaycan qlobal səviyyəli dezinformasiyalardan zərər çəkən ölkələr sırasındadır. Ölkənin strateji mövqeyi, qoşulduğu lokal və qlobal layihələr, həmçinin Ermənistanla münaqişə vəziyyətində olması onu total xarakterli dezinformasiya axınının hədəfinə çevirir.
İdeoloji təhdid adi aqressiya deyil - bu, içəri sızan təhlükədir. Əyləncə adı ilə evə daxil olur, “azadlıq”, “proqress”, “hüquq” şüarları ilə geyim dəyişir, trend olur, like toplayır. Elə görünməzliyi ilə də təhlükəlidir. İnsan çox vaxt özü də anlamır ki, artıq kənar təsirin obyektinə çevrilib. Seriallar, kliplər, oyunlar, podkastlar vasitəsilə milli-mənəvi dəyərlərlə daban-dabana zidd obrazlar yayılır, ailə, mənəviyyat, qəhrəmanlıq və kimlik anlayışları kölgədə qalır. Hədəfi - dəyərlər sistemidir, məqsədi - kənardan işğal etmədən içəridən ram etməkdir.
Ona görə də, ayıq-sayıq olmalı, bu təsirlərdən özümüzü qorumağı bacarmalıyıq.
Çıxış edənlərlərdən Rəcəb Davudov, Abdulla Dadayev, Raziyyət şabanova, Şamil İsmayılov, Cəmilə Ağakişiyeva, Hürü Mehdiyeva, Nəzmiyyət Məmmədova və başqaları layihənin vacibliyini vurğulamışlar. Onlar qeyd etmişlər ki, hibrid təhdidlər həqiqətən də, insanların gələcəyə inamının sıradan çıxarılmasıdır, dövlətə olan hörmətin sarsılmasıdır, gənclərin mənəvi deqredasiyası və ailə institutunun aşınmasıdır. Bu dəyərləri qorumalı, hibrid təhdidlərin hədəfi olmamaq üçün ayıq-sayıqlığımızı hər zaman saxlamalıyıq.