Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri
2 iyul 2025-ci il tarixində Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ölkələrimiz üçün əlamətdar və tarixi bir gündür. Ölkə başçılarının bu görüşü əslində Azərbaycanla Özbakistanın strateji, müttəfiqlik və dostluq münasibətlərinin inkişafına böyük və əhəmiyyətli töhfə verən, həmçinin ikitərəfli fəaliyyət məsələlərinin, eləcə də bir çox plan və layihələrin həll edilməsinə yönəldilmiş tarixi bir hadisədir.
Özbəkistan Respublikası çox yüksək potensial imkanlara malik olan və ölkələrimizin qarşılıqlı fəaliyyəti nəticəsində uğurlu nailiyyətlərə birgə addım ata biləcəyi müttəfiq ölkələrdən biridir. Təbii ki, son zamanlar Özbəkistanın sürətli inkişafı, ölkədə bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsi, həmçinin beynəlxalq arenada yüksəlməsi və iqtisadi potensialının daha da güclənməsi buna əyani sübutdur.
Bu səbəbdən də Azərbaycanla Özbəkistan arasında yaradılmış Birgə İnvestisiya Fondu üçün hazırlanmış 10-dan artıq layihənin investisiya qərarlarının qəbulu barədə fikirlər müzakirə edilib. İlkin olaraq layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan İnvestisiya Fondunun nizamnamə kapitalının 500 milyon dollar olmasına baxmayaraq, ölkələrimiz bir çox biznes, iqtisadi və digər perspektivi olan sahələrin inkişafı nəticəsində həmin nizamnamə kapitalını daha da artırmaq niyyətindədirlər.
Ölkələrimizin əməkdaşlığının əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılması və daha da inkişaf etdirilməsidir ki, bununla da Xəzər dənizindən Azərbaycana və Mərkəzi Asiya regionuna nəqliyyat-logistika sahəsinin inkişaf etdirilməsi planlaşdırılır.
Özbəkistanın Azərbaycana verdiyi böyük töhfələrdən biri də kənd təsərrüfatı, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrin qurulması və bu sahələrə sərmayə qoyulmasıdır ki, bir neçə Özbəkistan şirkətlərinin, kənd təsərrüfatı müəssisələrinin və kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin Azərbaycanda fəaliyyəti hər iki ölkənin iqtisadi durumuna müsbət təsir göstərəcəkdir.
Mərkəzi Asiya ölkələri arasında Özbəkistan xüsusilə seçilən və Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrdəndir ki, bu tərəfdaşlıqlar və münasibətlər bir çox aspektlərdə özünü göstərir. Hətta ölkələrimizin strateji tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətində bir çox sahələri əhatə edən 200-dən artıq mühüm sənədlər imzalanmış, layihələr razılaşdırılmışdır.
Azərbaycanın rəsmi səviyyədə müttəfiqlik müqaviləsi bağladığı dörd dövlətdən biri də Özbəkistandır ki, bu müttəfiqlik ölkələrimiz arasında həm hökumətlər səviyyəsində, həm də xalqlar səviyyəsində inkişaf etdirilir.
Təsadüfi deyi ki, 44 günlük müharibədən sonra Azərbaycan tərəfindən Qarabağ bölgəsinin bərpası və abadlaşdırılması üçün ilk təşəbbüs gösətərən və yardım edən ölkə Özbəkistan Respublikası olmuşdur. Məhz Qarabağda ilk sosial təhsil infrastrukturu olan və özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəbin inşası Özbakistan tərəfindən həyata keçirilmişdir. Bundan başqa Xankəndi şəhərində 200-dən çox insanın çalışdığı tikiş fabriki də Özbəkistan Respublikası tərəfindən inşa edilmişdir ki, bu gün bu müəssisə əhalinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir.
Məzh elə bütün bu səmimi davranışların və dostluq münasibətlərinin nəticəsi olaraq ölkəmizdə Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binası inşa edilmiş, eləcə də Bakı şəhərinin müasir urbanizm layihəsi olan “Ağ şəhər”-də 5 hektara yaxın ərazidə “Özbəkistan” parkının yaradılması planlaşdırılmışdır.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı