"Qohum nikahlarının qarşısının alınması cəmiyyətin sağlam gələcəyinə xidmət edir" - Ayaz Hüseynov / FOTOLAR
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov QHT.az-a açıqlama verib.
O, 2021-ci ildən etibarən Pasiyent Təşkilatları İttifaqı olaraq Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr olunmuş elmi konfranslar keçirdiklərini və nadir xəstəliklərin bir çoxunun irsi-genetik olduğunu bildirib. Ayaz Hüseynov bu xəstəliklərin geniş yayılma səbəblərindən birinin qohum nikahları olduğunu qeyd edib və bu mövzunu ardıcıl şəkildə gündəmdə saxladıqlarını vurğulayıb:
"Biz 2021-ci ildən etibarən Pasiyent Təşkilatları İttifaqı olaraq, 28 fevral – Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr olunmuş elmi konfranslar keçirmişik. Bir çox nadir xəstəliklər irsi-genetik xarakter daşıyır və onların geniş yayılma səbəblərindən biri də, əlbəttə ki, qohum nikahlarıdır. Biz bu mövzunu 2021-ci ildən etibarən davamlı şəkildə gündəmdə saxlamışıq. Qohum nikahlarının fəsadları, xüsusilə genetik xəstəliklərin yaranmasında ciddi risk faktorudur. Belə nikahlar zamanı genetik xəstəliklərlə doğulma riski minimum 25 faiz artır. 12 mart 2024-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu mövzu ilə bağlı dəyirmi masa təşkil olundu və mən də həmin tədbirə dəvət olunaraq çıxış etdim. Orada qeyd etdim ki, qanunvericilikdə dəyişikliklərin edilməsi zəruridir və hələ gec deyil. Qısa zamanda bu sahədə ciddi hüquqi addımlar atılmalıdır".

Ölkə başçısı cənab Prezidentə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edən Ayaz Hüseynov ötən il qanunvericilikdə dəyişiklik edildiyini və 2025-ci il iyulun 1-dən etibarən qohum nikahlarının qarşısının alınması ilə bağlı qanunun qüvvəyə mindiyini qeyd edib:
"Milli Məclisdə keçirilən dəyirmi masaya da dəvət olundum. Biz, həm Pasiyent Təşkilatları İttifaqı, həm də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası olaraq bu mövzunu ictimai müzakirələrdə daim gündəmdə saxladıq. Xüsusilə, ölkə başçısı cənab Prezidentə bu məsələyə göstərdiyi xüsusi diqqətə görə dərin təşəkkürümü bildirirəm. Nəticə olaraq, ötən il müvafiq qanunvericilikdə dəyişiklik edildi və 2025-ci il iyulun 1-dən etibarən qohum nikahlarının qarşısını alan qanun qüvvəyə mindi. Bu, cəmiyyətin sağlam gələcəyi naminə çox vacib və vaxtında atılmış addımdır".
Ardı var...

Pərvanə Fərhadqızı
QHT.az