Uşaq Hüquqlarının Müdafiəsi Liqası “Müharibə uşaqların gözü ilə” adlı layihəsinə start verib - FOTOLAR

“Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi qrant müsabiqəsi çərçivəsində qalib gələn “Müharibə uşaqların gözü ilə” adlı layihəsini həyata keçirməyə başlayıb.

QHT.az xəbər verir ki, 02.07.2025-ci il tarixində “Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyinin sədri Yusif Bəkirovun rəhbərliyi və birlik üzvlərinin iştirakı ilə 3 ay davam edəcək layihə çərçivəsində görüləcək işlər müzakirə olunub, icra planı təsdiqlənib və vəzifə bölgüsü aparılıb.

Qeyd edilib ki, layihə çərçivəsində 1993-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində və Respublikamızın müxtəlif bölgələrində məktəblilər arasında keçirilmiş inşa müsabiqəsinə təqdim edilən, arxivləşdirilən inşalar əsasında “Qara Yanvar və işaqlar…” adlı kitab nəşr olunacaq.

Kitabda 1990-cı illərin məktəbliləri tərəfindən yazılmış, 20 Yanvar faciəsi zamanı gördüklərini, hiss etdiklərini və yaşadıqlarını əks etdirən inşalardan bir qismi toplanacaq, həmçinin XX əsr folklorunun bir hissəsi olan, məktəblilər tərəfindən qələmə alınan bayatılar, ağılar, şeirlər, hekayələr, esselər nəşrə əlavə olunacaq.

“Azərbaycan tarixi” dərsləri üçün əlavə vəsait ola biləcək kitab müasir məktəblilərə ötən əsrdə yaşamış həmyaşıdlarının dünyagörüşü, düşüncə tərzi, vətənpərvərlik hissi, yaşadıqları tarixi məhz xatirələrdən oxumaqla, Vətənimizin təkrar müstəqilliyinə qovuşduğu dövrün hansı qanlı-qadalı hadisələrdən keçdiyini təsəvvür etmək imkanı qazandıracaq.

“Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi 1990-cı ildən başlayaraq uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir, 11 may 2005-ci il tarixindən Dövlət qeydiyyatına alınıb. Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqasının əsas məqsədi - uşaq hüquqlarının təşviq olunmasına yardım etmək, fəaliyyət istiqamətləri isə uşaq hüquqlarının qorunması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, uşaq hüquqlarının qorunması sahəsində maarifləndirmə işləri aparmaq, müvafiq sahədə dövlət qurumlar ilə əməkdaşlıq etməkdir.

Təşkilat yarandığı gündən uşaq hüquqlarının müdafiəsi, ailə hüququ, gender münasibətləri məsələləri sahəsində maarifləndirmə işlərinin aparılması, uşaqlar arasında ekoloji biliklərin təşviqi istiqamətində bir çox əhəmiyyətli layihələr həyata keçirmiş və internet resurslar, nəşrlər hazırlayıb.