“Vətən Naminə” İctimai Birliyi Ukraynalı şəhid övladları ilə görüş keçirdi - FOTOLAR

04 iyul 2025-ci il tarixində “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Ukraynadan Azərbaycana reabilitasiya məqsədilə gəlmiş şəhid övladları ilə görüş keçirdi. Görüş Ukraynanın Azərbaycandakı Səfirliyi və Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri professor Əlibala Məhərrəmzadənin dəstəyi ilə müharibədə ata analarını və evlərini itirmiş Ukraynalı uşaqlar Quba Şahdağ Truskavets Sanatoriyasında dincəlir psixoloji və fiziki reabilitasiya prosedurlarından istifadə edirlər.

QHT.az xəbər verir ki, hazırda bu uşaqlar Quba rayonunda yerləşən Şahdağ-Truskavets Sanatoriyasında istirahət edir və burada mütəmadi olaraq fiziki və psixoloji reabilitasiya prosedurlarından yararlanırlar. Müharibədə valideynlərini və evlərini itirən bu uşaqlar üçün səfər həm mənəvi dəstək, həm də sosial adaptasiya baxımından xüsusi əhəmiyyət daşıyır.

Təşkilatın rəhbəri Tünzalə Abduləlimova sözügedən sanatoriyada uşaqları ziyarət edib, onları səmimi çay süfrəsinə qonaq edib. Görüş zamanı uşaqlara Azərbaycan mədəniyyətini əks etdirən milli ornamentli suvenirlərxatirə hədiyyələri təqdim olunub. Tünzalə Abduləlimova çıxışında qeyd edib ki, bu cür humanitar təşəbbüslər xalqlar arasında həmrəyliyin və dostluğun ən gözəl nümunəsidir:

“Biz bu gün burada təkcə birgə çay içmədik, biz həm də birgə kədəri, ümidi və gələcək üçün inamı paylaşdıq. Uşaqlar bizim ortaq gələcəyimizdir – biz onlara yalnız fiziki yox, həm də mənəvi şəfa verməliyik.”

Görüşdə birliyin digər nümayəndələri, könüllülər və psixoloqlar da iştirak ediblər. Tədbir səmimi ab-havada keçib, uşaqlarla interaktiv oyunlar təşkil olunub, onların ehtiyacları və emosional vəziyyətləri ilə maraqlanılıb. Tədbirin sonunda Ukraynalı qonaqlar göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildiriblər və Azərbaycan xalqının bu çətin dövrdə nümayiş etdirdiyi dəstəyin onlar üçün unudulmaz olduğunu vurğulayıblar. 

Qeyd edək ki, Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Khrystyna Shkula və “Vətən Naminə” İctimai Birliyinin sədri Tünzalə Abduləlimova ilə əməkdaşlığın genişləndirilməsi və davamlılığı istiqamətində işlərini davam etdirəcəklər.