Vətən Müharibəsi Qəhrəmanı - şəhid XTQ baş giziri Camal İsmayılovun doğum günüdür
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin qrup komandiri olan baş gizir Camal Vidadi oğlu İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.
QHT.az xəbər verir ki, 2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və "N" saylı hərbi hissədə xidmət edən zaman hərbi hissə rəhbərliyinin diqqətini cəlb etdiyinə görə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etməsi barədə qərar verilib. Xidməti dövründə bir sıra ölkələrdə keçirilən hərbi təlimlərə qatılıb. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Camal İsmayılov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirib və oktyabr ayının 21-də qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Camal İsmayılov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.
Ruhu şad olsun!