İnsan alverinə qarşı birgə mübarizə: QHT iyun ayının hesabatı AÇIQLAYIB
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “İnsan alveri və məişət zorakılığı qurbanları üçün sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində iyun ayı ərzində bir sıra mühüm fəaliyyətlər həyata keçirilmişdir.
QHT.az xəbər verir ki, layihənin tanıdılması və ictimaiyyətin məlumatlandırılması məqsədilə müxtəlif informasiya kanalları vasitəsilə məlumatlar paylaşılmış, ictimai yerlərdə, o cümlədən Gənclər Evi, Heydər Əliyev Mərkəzi, şəhər kitabxanası və İB-nin ofisində görüşlər və təqdimatlar təşkil olunmuşdur. Eyni zamanda, əlaqə nömrələri qeyd olunmuş broşur və bukletlər paylanaraq əhali arasında maarifləndirmə işi aparılmışdır.
İyun ayı ərzində benefisiarlara hüquqi və psixoloji dəstək xidmətləri təqdim olunmuşdur. Hüquqi yardım üçün 39 nəfər müraciət etmiş, onların müraciətləri aşağıdakı istiqamətləri əhatə etmişdir:
-
Mülkiyyət hüququ ilə bağlı – 7 nəfər
-
Sənədlərin bərpası – 4 nəfər
-
Boşanma məsələləri – 10 nəfər
-
Alimentin təyini – 14 nəfər
-
Uşaqla bağlı mübahisələr – 4 nəfər
Bu hüquqi məsələlərin həlli istiqamətində müxtəlif instansiyalara ümumilikdə 29 rəsmi məktub ünvanlanmışdır.
Bununla yanaşı, 01.06.2025–30.06.2025 tarixlərini əhatə edən dövrdə psixoloq tərəfindən 10 nəfərə psixoloji dəstək göstərilmişdir. Psixoloji yardım alan şəxslərin müraciətləri aşağıdakı kimi qruplaşdırılmışdır:
-
Fiziki zorakılıqla bağlı – 5 nəfər
-
Cinsi zorakılıqla bağlı – 2 nəfər
-
Psixoloji zorakılıqla bağlı – 3 nəfər
Qeyd olunmalıdır ki, bir çox müraciət edən şəxslərdə bu zorakılıq növlərinin bir neçəsi eyni anda müşahidə olunmuşdur. Psixoloji seanslar davamlı şəkildə aparılmış və pozitiv nəticələr əldə edilmişdir. Müraciət edən şəxslərin ailə münasibətlərində irəliləyişlər olmuş, tərəflər arasında anlaşma mühiti yaradılmış və ailədaxili bağlar möhkəmləndirilmişdir.
Layihə çərçivəsində görülən işlər davamlı xarakter daşıyır və növbəti aylarda da zəruri dəstək xidmətlərinin göstərilməsi nəzərdə tutulur.