İqlim dəyişikliyi artıq reallıqdır – QHT sədrindən AÇIQLAMA

Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a verdiyi açıqlamada iqlim dəyişikliyinin və qlobal istiləşmənin fəsadları ilə bağlı narahatlığını bildirib.

Onun sözlərinə görə, bu proses artıq nəzəri təhlükə deyil, gerçək və davamlı təsir göstərən qlobal problemə çevrilib:

“İqlim dəyişikliyinin təsirləri indi artıq bizimlədir. Artıq milyonlarla insanlar bu təsirdən əziyyət çəkir. Temperaturun artması iqlim dəyişikliyinin əsas nəticəsidir və ətraf mühitə geniş yayılmış və mənfi təsirlərə səbəb olur. Bu təsirlərə ekstremal hava hadisələrinin tezliyinin və intensivliyinin artması (istilik dalğaları, quraqlıq, meşə yanğınları, güclü yağış və daşqınlar), dəniz səviyyəsinin qalxması, buzlaqların əriməsi, su ehtiyatlarının tükənməsi, kənd təsərrüfatı məhsuldarlığının azalması, biomüxtəlifliyin zədələnməsi və ekosistemlərin pozulması daxildir. Karbon qazının artması səbəbindən temperatur yüksəlir və iqlim dəyişikliyi baş verir. Qlobal istiləşmə ilə əlaqədar olaraq buzlaqlar əriyir, dəniz səviyyəsi qalxır, yer üzündə böyük miqdarda su buxarlanaraq atmosferə qarışır, temperatur-təzyiq fərqi səbəbindən güclü küləklər baş verir. Bu, güclü yağışlar, tufanlar və sunamilər gətirir".

İradə Həsənova həmçinin iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərindən danışaraq vurğulayıb ki, xüsusilə tropik və subtropik bölgələrdə temperaturun artması yoluxucu xəstəliklərin yayılma riskini artırır:

"Temperatur artdıqca qazın molekuluna düşən enerji payı da artır. Buna görə də temperaturun yüksək olduğu yerlərdə hava kütləsi genişlənir və yuxarı qalxır. Bu yuxarı hərəkət təzyiqin azalmasına səbəb olur. Hava soyuduqca ağırlaşır və aşağıya doğru hərəkət etməyə başlayır. Qlobal istiləşmə dünyanın bəzi yerlərində quraqlığa, bəzi yerlərdə isə daşqınlara səbəb olur. Baş verən iqlim dəyişiklikləri ilə okean və dəniz suları istiləşir. Xüsusilə quraqlıq və temperaturun artması insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Son illərdə iqlim dəyişikliyinin xüsusilə yoluxucu xəstəliklər baxımından sağlamlığa potensial təsirləri daha çox şübhə altına alınmağa başlayıb. Alimlər xüsusilə tropik və subtropik bölgələrdə baş verən iqlim dəyişikliyinin temperaturun artması ilə əlaqədar müxtəlif xəstəliklərin yayılmasına səbəb ola biləcəyindən narahatdırlar. Əsasən şəhərlərdə həddindən artıq istilər,ələlxsus yaşlılar üçün ölümcül ola bilər. Avropada yay istiləri artıq insanlarən ölümünə səbəb olur. İsti dalğalar və quraqlıq meşə yanğınlarına səbəb olur. Meşə yanğınları artıq mütəmadi olaraq dünyanın bir çox ölkəsini əhatə edir. İqlim dəyişikliyi ilə mübarizədə təhsil və maarifləndirmə fəaliyyətləri ilə yanaşı, innovativ həllər və texnologiyalardan istifadə bu problemin həllinə mühüm töhfələr verəcək."

 

Pərvanə Fərhadqızı

QHT.az