“Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində fundamental konvensiyaların və Beynəlxalq Əmək Təşkilatının digər nəzarət mexanizmlərinin tətbiqi” mövzusunda seminar keçirilir - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində fundamental konvensiyaların və BƏT-in digər nəzarət mexanizmlərinin tətbiqi” mövzusunda seminar öz işinə başlayıb.

QHT.az xəbər verir ki, seminar əməyin təhlükəsizliyi və gigiyenası sahəsində BƏT-in əsas alətlərinin praktiki tətbiqi, müvafiq sahə ilə bağlı aidiyyəti dövlət qurumlarını və sosial tərəfdaşları məlumatlandırmaq və bu sahədə potensialı artırmaq məqsədini daşıyır.

Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, ASK-nin vitse-prezidenti Vüqar Zeynalov, AHİK sədrinin müşaviri Fuad Ələkbərov açılış nitqləri ilə çıxış edərək son illər ölkəmizdə həyata keçirilən əmək islahatları, əməyin təhlükəsizliyi və gigiyenası sahəsində BƏT-in əsas alətlərinin tətbiqi ilə bağlı məlumatlar veriblər.

Bu sahədə BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malik olan ölkəmizin ötən dövrdə Təşkilatın 60-a yaxın Konvensiyasını, o cümlədən əməyin mühafizəsi ilə bağlı sənədlərini ratifikasiya etdiyi diqqətə çatdırılıb. Həmin Konvensiyalardan irəli gələn prinsiplər əsasında əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldığı vurğulanıb.

Azərbaycanla BƏT arasında iki Layiqli Əmək üzrə Ölkə Proqramının uğurla icra olunduğu və  növbəti proqramın da imzalanmasının nəzərdə tutulduğu qeyd olunub.

BƏT-in ekspertləri tərəfindən əməyin təhlükəsizliyi və gigiyenası, təhlükəsiz və sağlam iş mühiti, habelə bu sahədə BƏT-in əsas standartları ilə bağlı təqdimatlar edilib. Təşkilatın müvafiq sahə ilə bağlı Konvensiyalarına dair məlumatlar verilib.

Aidiyyəti dövlət qurumlarının və sosial tərəfdaşların nümayəndələrinin də iştirakı ilə iki gün davam edəcək seminarda BƏT-in digər nəzarət mexanizmlərinin tətbiqi barədə təqdimatların edilməsi, fikir mübadilələri və müzakirələrin aparılması nəzərdə tutulub.