Medal davası

Azərbaycanda Diaspor Komitəsinin fəaliyyəti uzun müddət medianın əsas tənqidi mövzularından biri olub. Bu da əlbəttə ki səbəbsiz deyildi. Xaricdə yaşayan milyonlarla soydaşımızın təşkilatlandırılması və Azərbaycanın maraqlarının qorunmasına istiqamətləndirilməsi hər zaman aktual məsələ olub.


Ancaq təəssüf ki, Komitənin sabiq rəhbərliyinin dövründə bu işlərə barmaqarası yanaşılıb, görülən “iş”lər şüarçılıqdan irəli getməyib. Nəticədə diaspor təşkilatlarımız dünyanın dörd tərəfinə səpələnmiş güclü erməni diasporu ilə rəqabətdə xeyli geri qalıb.


Bununla belə, ölkədə 2018-ci ildə başlayan köklü dəyişikliklər dalğası Diaspor Komitəsindən də yan keçmədi. Qurumun rəhbərliyinin dəyişdirilməsi Komitənin fəaliyyətində pozitiv yeniliklərə zəmin yaratdı. Diaspor təşkilatları ilə əlaqələrin yenidən qurulması, müxtəlif ölkələrdə pərakəndə fəaliyyət göstərən soydaşlarımızın bir araya gətirilməsi və başqa işlər bu sahədə dönüş yaradılmasına təkan verdi.


Komitə sədrinin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən ölkələrdə diaspor liderləri ilə silsilə görüşləri, onların arasında uzun müddət həlledilməz görünən inciklikəri aradan qaldırması, ən əsası, soydaşlarımıza Azərbaycan dövlətinin gerçək dəstəyini ifadə etməsi nəticəsiz qalmadı.


Demək artıqdır, tanıyanlar bilir ki, boğazdan yuxarı danışmaq kimi vərdişim yoxdur. Lakin inanıram ki, kimliyindən, statusundan asılı olmayaraq, mənfiləri dediyimiz kimi, müsbətləri də gözardı etməməliyik. Çoxlarının hələ də tənqid hədəfi olaraq qalan Diaspor Komitəsinin fəaliyyətində pozitiv məqam varsa, bunu deməkdən çəkinməməliyik.


Komitənin son yarım ildəki fəaliyyətini xatırlatmaq istəyirəm. Məlum Tovuz döyüşlərindən sonra xaricdəki diaspor təşkilatlarımızın inanılmaz fəallıq göstərərək, ermənilərlə başabaş mübarizə apardıqlarını unutmamışıq. Bu fəaliyyətdə Komitənin çox ciddi təşkilatçılıq funksiyasını yəqin ki kimsə inkar etməz. Eyni zamanda, Vətən Müharibəsinin davam etdiyi müddətdə Komitənin analoji fəaliyyətini daha da genişləndirməsinin müsbət nəticələrini gördük.


Sözsüz ki, bu yazdıqlarımla Komitənin işinin ideal səviyyədə olduğunu iddia etməkdən uzağam. Bu sahədə də nöqsanlar var və onların aradan qaldırılmasına davamlı səy göstərilməsi lazımdır. Oxuduğunuz yazını qələmə almağımın bir səbəbi də son günlər Komitənin ünvanına səsləndirilən “medal” tənqidlərdir.


Mətbuatdan xəbəriniz var, Komitə bir neçə gün bundan əvvəl xaricdəki diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib. O cümlədən, bir qrup jurnalist və ictimai xadim də Komitədən təşəkkürnamə alıb. Bəri başdan qeyd edim ki, 25 illik jurnalist stajıma baxmayaraq, indiyə kimi təltif siyahılarının heç birində adım olmayıb, indi də yoxdur.


Ona görə də, bəzi həmkarlarımın Diaspor Komitəsinin diqqətindən kənar qalaraq, medal və ya təşəkkürnamə ilə təltif edilməməyə son dərəcə aqressiv təpki göstərmələrini anlamağa çətinlik çəkirəm. Doğrudur, mən də qəbul edirəm ki, adı Komitənin siyahısına düşməyən bir çox həmkarlarım heç olmasa, bir plaketi haqq edirdilər. Lakin olmayıbsa, bunu belə şişirtməyin əhəmiyyəti nədir? Axı Komitənin verəcəyi medal, yaxud da təşəkkürnamə insanın həyatında hansı fövqəladə dəyişiklik yarada bilər? İnanın ki, heç bir.


Həmkarlarımın “medal aqressiyası”na baxdıqda, Vətən Müharibəsinin müzəffər qazilərini xatırlayıram. Müharibə yükunlaşdıqdan sonra onlarla qazimizlə şəxsə danışaraq, onlardan müsahibə almaq istəmişəm. Heç biri razılıq verməyib. Deyiblər ki, Vətən uğrunda döyüşmək, işğal altındakı torpaqlarımızı azad etmək Vətən qarşısında borcumuzdur, bunu afiş etməyə heç bir ehtyac yoxdur. Bu sözlərin qabağında müsahibə üçün təkid etməyə yer qalmırdı...


Yuxarıda vurğuladım, jurnalistikada 25 illik stajım var. Amma bu günə qədər təltif olunmamağımın mənə hansısa diskomfort yaratdığını qətiyyən hiss etməmişəm. Ümumiyyətlə, Vətən Müharibəsindəki böyük Qələbəmizdən sonra bu məsələlər çox əhəmiyyətsiz görünür.


Axı biz medal yox, Vətən uğrunda savaşan toplumuq...