Son günlər iqtisadi aktivliyin zəifləməsi, qiymət artımları, əhalinin real gəlirləri və sahibkarlığın vəziyyəti ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Narahatlıqların müəyyən hissəsi əsaslıdır. Amma hesab edirəm ki, iqtisadi qərarlar subyektiv qiymətləndirmədən daha çox rəqəmlərə, fiskal imkanlara və mümkün nəticələrə əsaslanmalıdır.

  1. İlk növbədə bir anlayışı dəqiqləşdirək: Azərbaycan iqtisadiyyatı daralmır, iqtisadi artım tempi zəifləyir.
    2026-cı ilin yanvar–avqust aylarında ölkədə 87,7 milyard manatlıq ÜDM istehsal olunub və iqtisadiyyat real ifadədə 1,2% böyüyüb. Neft-qaz sektorunda 0,8% azalma olduğu halda, qeyri-neft-qaz sektorunda 2,1% artım qeydə alınıb.
    Eyni zamanda iqtisadiyyatın ayrı-ayrı sahələrində kifayət qədər ciddi artım var:
    nəqliyyat və anbar təsərrüfatı – +8,7%
    informasiya və rabitə – +10,7%
    ticarət – +3,9%
    kənd təsərrüfatı – +2,6%
    qeyri-neft sənayesi – +5,4%
    əsas kapitala investisiyalar – +10%
    Digər tərəfdən, tikintidə 12,5% azalma diqqət tələb edən göstəricidir.
    Deməli, iqtisadiyyatı “daralma burulğanında” kimi təqdim etməkdənsə, artım tempinin zəifləməsindən və iqtisadiyyat daxilində qeyri-bərabər dinamikanın yaranmasından danışmaq daha doğru olar. Əsas sual da budur: iqtisadi artımı necə sürətləndirək?
  2. Quru sərhədlərin açılması sərhədyanı ticarətə, turizmə, xidmət sektoruna və regionlardakı kiçik biznesə müsbət təsir göstərə bilər.
    Amma bunu ölkə iqtisadiyyatını əsaslı şəkildə canlandıracaq tədbir kimi təqdim etmək biraz şişirdilmiş yanaşmadır. Azərbaycanın iqtisadi artımının əsas problemləri sərhəd ticarətindən daha çox məhsuldarlıq, özəl investisiyalar, qeyri-neft ixracı, rəqabət, maliyyəyə çıxış və biznes mühiti ilə bağlıdır. Sərhədlərin açılması faydalı ola bilər, amma struktur iqtisadi siyasətin əvəzi deyil.
  3. ƏDV həddinin 1 milyon manata qaldırılması və dövriyyədən 2–4%-lik vergi modelinə keçid sahibkar üçün ilk baxışdan cəlbedicidir. Lakin bunun büdcə gəlirlərinə, ƏDV zəncirinə və bizneslərin vergidən yayınmaq məqsədilə süni şəkildə parçalanmasına təsiri hesablanmalıdır.2026-cı ildən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində POS-terminal vasitəsilə nağdsız dövriyyə nəzərə alınmaqla ƏDV qeydiyyat həddinin 200 min manatdan 400 min manata yüksəldilməsi nəzərdə tutulub.
    Həddi birdən-birə 1 milyon manata qaldırmaq isə üç risk yaradır.
    Birincisi, müəssisələr ƏDV-yə keçməmək üçün biznesi süni şəkildə bir neçə hüquqi şəxsə bölə bilər. İkincisi, ƏDV zəncirinin daralması şəffaflaşmaya mənfi təsir göstərə bilər. Üçüncüsü, büdcənin qeyri-neft vergi gəlirlərinin azalması riski yaran Məncə, hamıya eyni güzəşti verməkdənsə, istehsal edən, ixrac edən və yeni iş yeri yaradan sahibkara daha böyük vergi üstünlüyü vermək daha səmərəli olardı.
  4. İkinci uşaqdan başlayaraq hər uşağa aylıq 100 manat ödənilməsi sosial baxımdan maraqlı təklifdir. Amma hər sosial təşəbbüsün arxasında maliyyə mənbəyi dayanmalıdır. 500 min uşağın əhatə olunması ildə 600 milyon manat, 1 milyon uşağın əhatə olunması isə 1,2 milyard manat əlavə xərc deməkdir. Buna görə universal ödənişdənsə, aztəminatlı və çoxuşaqlı ailələr üçün daha yüksək və ünvanlı dəstək daha səmərəli ola bilər.
  5. Dövlət qurumlarının sayının və səlahiyyətlərinin azaldılması yalnız konkret hesablamalar əsasında aparılmalıdır. Hansı qurum ləğv edilir? Hansı funksiyalar təkrarlanır? Büdcə nə qədər qənaət edir? Sahibkarın üzərindən hansı inzibati yük götürülür? Məncə, əsas məqsəd sadəcə dövlət qurumlarının sayını azaltmaq deyil, bürokratiyanı və sahibkarın üzərindəki inzibati yükü azaltmaqdır.
  6. DSMF-də formalaşan pensiya kapitalından vətəndaşların istifadə imkanının yaradılması isə daha ehtiyatlı yanaşma tələb edir. Pensiya kapitalı bank depoziti deyil. Bu vəsaitlərin vaxtından əvvəl sistemdən çıxarılması gələcək pensiya təminatına və sistemin maliyyə dayanıqlığına təsir göstərə bilər. Belə mexanizm yalnız çoxpilləli pensiya sistemi və özəl pensiya fondlarının yaradılması ilə paralel müzakirə edilməlidir.
    Məncə, Azərbaycana sadəcə uzunmüddətli “iqtisadi artım addımları" lazımdır: sahibkarın daha ucuz maliyyəyə çıxışı, özəl investisiyaların artırılması, real rəqabətin gücləndirilməsi, ixrac yönümlü istehsalın genişləndirilməsi və dövlət xərclərinin iqtisadi səmərəliliyinin yüksəldilməsi.
    Çünki iqtisadi siyasətin məqsədi iqtisadiyyata müvəqqəti rahatlıq vermək deyil, davamlı və keyfiyyətli artım yaratmaqdır.

İqtisadçı-ekspert, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Eyyub Kərimli