Xəbərlər 04.03.2023 15:19 15046

Azərbaycanda banklara ciddi rəqib gəlir: Faizsiz kredit veriləcək 

Azərbaycanda İslam bankçılığının tətbiqi üzrə müvafiq işçi qrup yaradılıb. 

 

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

 

Onun sözlərinə görə, İslam bankçılığı son 20 ildəki qlobal dəyişikliklər və mənfi təsirlərin fonunda yeganə davamlı platforma olaraq qalıb: 

 

“Azərbaycanda İslam bankçılığının tətbiqi üzrə müvafiq işçi qrup yaradılıb. Azərbaycanda İslam bankçılığı vasitələrinin tətbiqi ölkənin maliyyə sektorunu gücləndirəcək”. 

 

Z.Nuriyev bank infrastrukturu və texnologiyalar nöqteyi-nəzərindən ölkəmizin İslam bankçılığı elementlərinin qısa zamanda tətbiqinə hazır olduğunu deyib.

 

Azərbaycanda islam bankçılığının tətbiqi üçün ilk növbədə qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Bu qənaətə “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin “Azərbaycanda alternativ maliyyə və islam bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi" layihəsi çərçivəsində keçirdiyi sorğudan sonra gəlinib. 

 

Artıq uzun müddətdir ki, ölkədə İslam bankçılığının tətbiqi ilə bağlı tez-tez fikirlər səslənsə də, hələ də bu sahədə elə bir irəliləyişə nail olunmayıb. Bunun səbəbini isə mütəxəssislər müxtəlif amillərlə izah edirlər. 

 

İslam bankçılığının fəaliyyətə başlamasına ənənəvi banklarmı maneə yaradır və bu bankçılığın yaranması ilə vətəndaşlar hansı imkanlar əldə edəcək? 

 

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, o, hüquqşünas olaraq karyerasına 2001-ci ildə Mərkəzi Bankda başlayanda və 4 illik fəaliyyəti dövründə orada İslam bankçılığı mövzusu müzakirə olunub: 

 

“Hətta işçi qrup da yaradılmışdı. Mərkəzi Bankda çalışarkən məni İslam İnkişaf Bankı Londonda işləməyə dəvət etmişdi. Ancaq Mərkəzi Bankda icazə vermədilər ki, onlar terrorçulardır. Mən qeyd etdim ki, Azərbaycan dövləti də İslam İnkişaf Bankının üzvüdür. Ümumiyyətlə, sonralar dəfələrlə eşitmişəm ki, ölkədə İslam bankçılığı olacaq. 2011-ci ildə mənim “Azərbaycanın bank hüququ” adlı kitabım dərc olundu və orada da İslam bankçılığına xeyli yer ayırdım. O zaman Azərbaycanda İslam bankçılığı ilə işləmək istəyən bir bank var idi, “Göstər bank” adlanırdı.

 

Ancaq qanunvericilik buna imkan vermədiyi üçün işləyə bilmirdi və nəticədə bağlandı. Son illərdə də kimsə İslam bankçılığının olacağı ilə fikirlər bildirir, ancaq nəticə olmur. Mən ötən ilin dekabrında Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovla görüşdə iştirak etdim və orada ona sual vermişdim ki, İslam bankçılığı olacaqmı? O bildirdi ki, bəli, üzərində çalışırıq, müəyyən iş gedir. Prinsipcə, Mərkəzi Bankın İdarə Heyətinin sədri indiyədək verdiyi sözlərin üzərində durur. İnanmaq istəyirəm ki, bu sahədə də iş gedəcək”. 

 

İsalam bankçılığı Azərbaycana nə verəcək? 

 

Ekspert deyir ki, bu, Azərbaycana xeyli investisiya cəlb edə bilər: 

 

“Çünki İslam bankçılığına xüsusən ərəb ölkələri investisiya qoyur. Digər tərəfdən Azərbaycanda xeyli insan var ki, İslam dininə bağlı olduqları üçün sələmçiliklə bağlı banklarla işləməyə meyilli deyillər. Yəni belə banklarda pullarını saxlamaq istəmir, kredit götürmürlər. Bu da ölkədə xeyli vəsaiti bank sistemindən kənarda qoyur. Digər tərəfdən, xeyli aktiv insanın iqtisadi fəaliyyətlə məşğul olmasına imkan vermir. Bu baxımdan İslam bankçılığı ölkədə iqtisadi aktivliyi artıra bilər, investisiya qoyuluşu, eləcə də dövlətə də xeyirdir. Çünki dövlət maliyyə vəsaitlərinə daha yaxşı nəzarət edə biləcək. Bu gün kimsə ənənəvi banklarla işləmək istəmirsə, dövlət onun vəsaitlərinə nəzarət edə bilmir. Bu, həm də təhlükəsizlik məsələsidir və İslam bankçılığı ilk növbədə dövlətə lazımdır”. 

 

Ekspertin sözlərinə görə, məsələnin digər tərəfi odur ki, İslam bankçılığı yalnız müsəlmanlar üçün deyil: 

 

“Bəziləri bunu səhv başa düşür. İslam bankçılığının ən çox inkişaf etdiyi ölkə Böyük Britaniyadır. Çünki sələmçiliyi yalnız İslam deyil, yəhudilik, xritianlıq da qadağan edir. Bu baxımdan bu bankın müştəriləri yalnız müsəlmanlar deyil. Digər tərəfdən, bu bank Azərbaycanın Cənubi Qafqazda bank - maliyyə mərkəzinə çevilməsinə imkan verə bilər. Sadəcə bu sahədə mövcud problemlərdən biri də kadr çatışmazlığıdır”. 

Vətəndaşlar faizsiz kredit götürə biləcəkmi? 

 

Ekspert deyir ki, müştərilər faizsiz kredit götürə biləcəklər: 

 

“Birincisi, faizsiz kredit dedikdə, əgər onlar hansısa bizneslə məşğul olmaq üçün götürürlərsə, İslam Bankı onun biznesinin şəriki olacaq. Ənənəvi bankdan biznes üçün kreditlə pul götürəndə, sabah vətəndaşın biznesinin uğurlu olub-olmamasından asılı olmayaraq bank deyir ki, mənim pulumu ver, əks təqdirdə girovumu alıram. Ancaq İslam bankçılığında belə deyil. Bank deyir ki, mən sənin şərikin oluram, əgər gəlirin olsa, 50 faiz mənimdir, olmasa, yox. Digər tərəfdən də bank onun üzərində nəzarət edəcək. Əks halda sahibkar deyər ki, fəaliyyətim uğursuzdur, pul batdı. 

 

Bu baxımdan İslam Bankı ilə işləmək istəyənlər şəffaf olmalıdır. Yəni qeyri-şəffaf insanlar o bankla işləməyəcək. Çünki həmin insan İslam Bankını aldadacaq. Digər tərəfdən İslam Bankının üstünlüklərindən biri odur ki, sadə vətəndaşlara istehlak kreditlərini faizsiz də verə bilir. Ancaq insanlar da bilməlidir ki, gəliri yoxdursa, o faizi bankdan ala bilməyəcək. Bank onlara pulu bağışlamayacaq. İşi, gəliri olan vətəndaşlar üçün İslam Bankından kredit götürmək indiki ənənəvi banklardan kredit götürməkdən daha yaxşı olacaq. Bu baxımdan da ənənəvi banklar İslam bankçılığının Azərbaycanda fəaliyyətə başlamasında maraqlı deyillər”. 

 

Nigar Abdullayeva

Cebhe.info

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı