Xəbərlər 05.05.2025 15:23 88

Professor Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçildi

3 May – Türk Millətçiliyi Günü münasibətilə Bakı şəhərində əlamətdar toplantı keçirilib.

QHT.az xəbər verir ki, BZT-Turan Akademiyasının təşkilatçılığı ilə baş tutan tədbir Türk dünyasında elmi, mədəni və pedaqoji əməkdaşlığın gücləndirilməsinə xidmət edib. Toplantı çərçivəsində Türk dünyasında qadın alimlərin rolu və əməkdaşlığının inkişafı məsələləri xüsusi diqqət mərkəzində olub. Tədbirdə Özbəkistanın STARS Beynəlxalq Universiteti, Daşkənd Tibb Akademiyası, Buxara Dövlət Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Turin Politexnik Universiteti (Daşkənd filialı) də daxil olmaqla 15-ə qədər nüfuzlu ali təhsil müəssisəsindən və ümumilikdə 40-dan çox nümayəndə heyəti iştirak edib. Həmçinin Türkiyədən də tanınmış elm adamları toplantıya qatılaraq tədbirin əhəmiyyətini daha da artırıblar.

Toplantı zamanı Özbəkistanın Elm və Təhsil Nazirliyinin Mamun Universiteti və Urgənc Dövlət Pedaqoji Universiteti vasitəsilə irəli sürülən namizədlər arasından Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Türk dünyasının tanınmış siması professor Mahirə Hüseynova yekdilliklə Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib. Bu mühüm təyinat təkcə Azərbaycan elmi ictimaiyyəti üçün deyil, bütün Türk dünyası üçün qürurverici hadisədir. Professor Mahirə Hüseynovanın uzun illər boyu Türk dünyasının elmi-mədəni inteqrasiyasına verdiyi töhfələr, bu yeni vəzifə ilə daha da dəyər qazanmış olur.

Qeyd edək ki, Türk Dünyası Alim Qadınlar Şurası qadın alimlərin birliyini, təcrübə və ideya mübadiləsini, elmi tərəfdaşlıqları təşviq edən və Türk xalqları arasında davamlı əməkdaşlıq körpüsü quran platforma rolunu oynayır.

 

Pərvanəı Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı