Xəbərlər 28.03.2023 12:07 1643

Cəlil Xəlilov: Dövlət Təhlükəsizliyi Xidməti öz əzəmət və peşəkarlığının zirvəsindədir

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyətinin müəyyənləşdirilməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı səbəbindən o zamankı Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi.

QHT.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəxri professor Cəlil Xəlilov deyib.

Professor bildirib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi dövlət təhlükəsizliyi sisteminin daha da təkmilləşməsinə səbəb oldu: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün dövlət qurumlarının, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dönüş yarandı. Ulu Öndər ordunu gücləndirməklə yanaşı, əsl peşəkarları təhlükəsizlik sisteminə cəlb etməklə dövlətin təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə nail oldu. Təhlükəsizlik orqanının əməkdaşları terror cəhdlərinin qarşısının alınmasında, daxili sabitliyin güclənməsində mühüm rol oynadı. Daxili və xarici düşmənlərin bir çoxu məhz təhlükəsizlik orqanları əməkdaşlarının səyi nəticəsində ifşa olundu”.

Cəlil Xəlilov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlığa malik olduğunu, sözügedən qurumun öz fəaliyyəti ilə Ulu Öndərin arzu və istəklərini doğrultduğunu vurğulayıb: “Bizim üçün qürurvericidir ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti öz tərəqqi və əzəmətinin zirvəsindədir. Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin 44 günlük Vətən müharibəsində ortaya qoyduğu əzm, şanlı Zəfərimizin əldə edilməsinə verdiyi böyük töhfə bu qurumun peşəkarlığının, vətən, xalq sevgisinin göstəricisidir.

Mən Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarını 28 mart – peşə bayramı münasibətilə təbrik edir, onların hər birinə öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq və ölkəmizlə bağlı bütün məkrli planları alt-üst edəcək”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı