Xəbərlər 22.05.2023 15:35 3334

Kənd qadınları yeni üsullarla bizneslərini inkişaf etdirə bilərlər - Qadınların Milli Biznes Gündəliyi (FOTO)

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2% təşkil edir. Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin inkişafının hökumət, eləcə də özəl sektor üçün prioritet sahələrdən biri olduğunu nəzərə alsaq, ölkədəki KOB subyektlərinin təxminən 21,3%-ni təşkil edən qadın sahibkarlığının rolu xüsusi əhəmiyyət kəsb edir.

 

Azərbaycanda qadınlar bütün məşğul əhalinin yarıya yaxınını təşkil edir və ölkənin sosial-iqtisadi rifahına əhəmiyyətli töhfə verir. Ölkənin daha müasir və çoxşaxəli iqtisadiyyata keçidi ilə Azərbaycan qadınları sahibkarlıq sferasında daha fəal iştirak etməyə başlayıb. Qadınların ölkə iqtisadiyyatında aktiv iştirakının daha da artırılması məqsədilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Qadınların Milli Biznes Gündəliyi (QMBG) hazırlanıb.

 

Qadınların Milli Biznes Gündəliyi qadın sahibkarlığını dəstəkləmək üçün aparıcı qadın biznes assosiasiyaları və təşkilatları tərəfindən hazırlanan tövsiyə sənədidir. Sənəd qadınların iqtisadi cəhətdən gücləndirilməsi və qadınların iş qüvvəsində dəstəklənməsi məqsədi daşıyan vacib əhəmiyyətli təkliflərdən ibarətdir.

 

QMBG 3 əsas istiqamət üzrə tövsiyələr hazırlayıb:

 

• Sahibkar qadınlara dəstək

 

• İşçi qüvvəsində qadınlara dəstək

 

• Gender aspektlərini nəzərə alan dəstək mexanizmlərinin işlənib hazırlanması

 

Mövzu ilə bağlı Trend-in suallarını cavablandıran Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova bildirib ki, Azərbaycanda qadın sahibkarların inkişafı dedikdə ilk növbədə göz önünə mikrosahibkarlıq gəlir. Çox az qadın var ki, onların orta və böyük biznesləri var. Kənd qadınları regionların inkişafı üçün gizli bir potensialdır. Regionların sosial, iqtisadi inkişafında kənd qadınlarının rolu böyükdür.

 

"Hazırda ölkəmizdə 80 min qadın fermer var. Biz kənd qadınlarını kollektiv biznesə cəlb edirik. Bununla qadınlar bir-birinə dayaq olur və biznesin şaxələnməsi daha asan və çevik olur. Nəticədə biznes böyüyür və qadın qrupları kənddəki digər işsiz qadınları da işə cəlb edir bilir. Buna görə də regionlarda qadınlar təkcə sahibkar deyil, həm də öz icmasının liderləridir. Region qadınlarının rifahının yaxşılaşdırılması üçün çalışan Assosiasiyamız bütün ölkədə fəaliyyət göstərən qadın sahibkarlar üçün əlverişli biznes və iş mühitinin yaradılmasını hədəfləyən Qadınların Milli Biznes Gündəliyi prosesinin bir hissəsi olmaqdan qürur duyur".

 

Onun sözlərinə görə, Qadınların Milli Biznes Gündəliyi dedikdə qadınların təhsili, biznesi və s. nəzərdə tutulur. QMBG biznesdə qadınların sayının artırılması və qadınların sahibkarlıq fəaliyyətində üzləşdiyi maneələrin azaldılması üçün bir sıra tövsiyələrdən ibarətdir.

 

G.Qənbərova qadınların biznesdə rastlaşdığı maliyyə sıxıntılarından və bu maneənin aradan qaldırılmasında QMBG-nin əhəmiyyətindən də danışıb:

 

"Qadın sahibkarların əsas iki maliyyə qaynağı var. Birincisi özlərinin yaratdığı depozit fondu, ikincisi isə dövlətin verdiyi güzəştli kreditlərdir. Biz qadın sahibkarlıq fondunun yaradılmasını çox istəyirik”.

 

Sosial proqramların çoxalması, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi qadınların həyatına müsbət təsirini göstərir. Azərbaycan Kənd Qadınları Assosiasiyası olaraq bu istiqamətdə bir çox layihələr həyata keçirmişik və beynəlxaq təşkilatlar da ölkəmizdə qadınların biznes qurmasına öz dəstəklərini verməyə davam edir. Təkcə USAID ölkəmizdə beş min qadına öz bizneslərini qurmaq üçün yardımçı olub.

Hətta bu istiqamətdə atılan addımların müsbət nəticələrini də görürük. Belə ki, USAID Bərdə rayonunun Böyükgöyüşlü kəndində ibarət tərəvəz istehsalı ilə məşğul olan qadınlara kənd təsərrüfatı avadanlıqları təqdim etmişdi. Bunun nəticəsi olaraq onlar keçən ilin son fəslində 630 ton müxtəlif tərəvəz məhsulları istehsal edib və bu məhsulların satışından böyük gəlir əldə edə biliblər.

 

USAID Azərbaycan iqtisadiyyatının dayanıqlılığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradır. USAID-in məqsədi Azərbaycanda özəl sektorun rəqabətliliyini (əsas diqqəti kənd təsərrüfatının inkişafına və kənd yerlərində iqtisadi fəaliyyətə yönəltməklə) və biznesə dəstək xidmətlərinin potensialını gücləndirmək, eləcə də mikro, kiçik və orta sahibkarlığın inkişafını yubadan inzibati maneələri aradan qaldırmaqdır. USAID qadınların rəhbərlik etdiyi müəssisələri, peşəkar assosiasiyaları və onların üzvlərini bir araya gətirir, onların potensialını gücləndirir, biznesdə və iş yerlərində qadınlar üçün yeni imkanlar yaradır və qadınların iqtisadi fəaliyyətinə təkan verir.

 

Qeyd edək ki, QMBG sənədində və bu məqalədə ifadə olunan fikirlər ABŞ Hökumətinin və ya USAID-in mövqeyini əks etdirməyə bilər. 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı