Yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü təşkil olunub - FOTOLAR
Tədbirdə inzibati və təşkilatı məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov universitetə yeni qəbul olan tələbələri və onların valideynlərini salamlayaraq, UNEC-i seçdikləri üçün təşəkkürünü bildirib, tələbələrə təhsillərində uğurlar arzulayıb.
QHT.az xəbər verir ki, Maliyyə və Mühasibat fakültəsinin dekanı dos.Hafis Hacıyev tələbələri təbrik edərək, fakültə barədə onlara qısa məlumat verib. Sonra tələbələr Beynəlxalq Əməkdaşlıq Departamenti, Karyera Mərkəzi, İnnovativ Biznes İnkubatoru, kitabxana və tələbə təşkilatlarının məlumat guşələrinə yaxınlaşaraq, hər birinin fəaliyyəti barədə məlumatlanıblar. UNEC könüllüləri tələbələrə bələdçilik edərək, onları dekanlıq, kitabxana, auditoriyalar və digər inzibati otaqlarla tanış ediblər.
Oriyentasiya Günündə UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi də təşkil olunub, əyləncəli idman yarışları keçirilib. Günboyu Yaradıcılq Mərkəzinin üzvləri müxtəlif musiqi nömrələri ilə çıxış edərək, UNEC ailəsinə yeni qatılan tələbələrə xoş anlar yaşadıblar. 2023/24-cü tədris ilində ötən illə müqayisədə UNEC-ə magistraturada qəbul sayı 15%, bakalavriaturada isə 10% artıb.
Pərvanə Fərhadqızı