Neftçalada anadan olması ilə qürur duyduğumuz ziyalılar …
Sosial şəbəkədə onun haqqında məlumat belə başlayır: Azər Turan 16 sentyabr 1963-cü ildə Neftçalada anadan olub. Sonra: “Azər Turan (Əbilov Azər İmamverdi oğlu) tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ədəbiyyat qəzeti”nin baş redaktorudur”,- cümləsi ilə davam edir.
Azər müəllim şəkillərindən daim düşünən siması ilə baxır. Düşüncələri müəllifi olduğu kitabların səhifələrindən boylanır. Müdriklik Azər Turanda genetik xüsusiyyətdir. Atası filiologiya elmləri doktoru İmamverdi Əbilov əsl pedaqoq, Azərbaycan ziyalısı idi. Onun yetirmələri ölkəmizi dünyaya tanıdırlar. Fikirlərimi təsdiq etmək üçün şair, publisist Müzəffər Məzahimin İmamverdi Əbilovun “Könül dünyamıza səyahət” kitabı haqqında yazısına istinad edirəm: “İmamverdi müəllim danışığından tutmuş yerişinə, gülüşünə qədər başdan-ayağa estetika nümunəsi idi. Bəs estetika nə deməkdir? Mən “Könül dünyamıza səyahət” kitabını oxuyub gəldiyim qənaət daxilində bu suala cavab verə bilərəm ki, “estetika daxili gözəllik, mənəvi saflıq, əxlaqi təmizlik və bütün insani keyfiyyətlərə malik” olmaq deməkdir”.
Azər Turan yaradıcılığı Dövlətimizin diqqətindən yayınmayıb və davamlı olaraq qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2000-ci il tarixli sərəncamı ilə Prezident Təqaüdünə layiq görülüb. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyinin birgə təsis etdiyi "Hüseyn Cavid" mükafatı, Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatının laureatıdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)" xatirə nişanı ilə təltif olunmuşdur.
Yubileyinizi təbrik edirik MÜDRİK İNSAN! Azərbaycan ədəbiyyatında öz xüsusi dəst-xəttinizlə əbədi yaşayacaqsız!
Hörmətlə,
Gülqədəm Mirzəzadə