Xəbərlər 22.09.2023 12:28 4505

Miqrantların sosial və səhiyyə xidmətlərinə çıxış imkanları müzakirə edilib - FOTOLAR

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan cəmiyyətinə miqrantların inteqrasiyası və bu sahədə tədbirlərin təşkili” layihəsi çərçivəsində seminar keçirilib.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Dövlət Miqrasiya Xidmətinin inzibati binasında “Miqrantların sosial və səhiyyə xidmətlərinə çıxışının təmin olunması” mövzusunda təşkil olunan ictimai müzakirədə miqrantlarla işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif təsisatların təmsilçiləri və Xidmətin məsul şəxsləri iştirak ediblər.

Tədbiri açıq elan edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov icra olunan layihə barədə qısa məlumat verib, miqrantların yerli cəmiyyətə inteqrasiyasına təsir edən amillər barədə danışıb və həmin kateqoriyadan olan şəxslərin sosial və səhiyyə xidmətlərinə çıxış imkanlarını nəzərdən keçirib.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev miqrasiya qanunvericiliyinin miqrantların sosial və səhiyyə xidmətləri ilə bağlı müddəalarına nəzər salıb və qanunverciliyin müəyyən etdiyi tələblərin qısa şərhini verib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müsabiqələrin təşkili üzrə mütəxəssisi Nilufər Əhmədova təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi kiçik qrantlar müsabiqəsinin müxtəlif aspektləri haqqında qısa məlumat verib və şəxsi təcrübəsinə istinad edərək miqrantların inteqrasiyası ilə bağlı müzakirə olunan məsələlərin vacibliyini vurğulayıb.

Tədbirdə iştirak edən Sona Hacıyeva, Ayxan Qasımzadə, Ayşəm Balayeva, Elçin Muxtarlı, Gülnar Ağayeva, Lamiyə Kərimova, Səbinə Kərimova, Zahid Nurəliyev və digərləri ölkəyə gələn miqrantların sayının artmasının həmin şəxslərlə bağlı bir sıra həssas mövzuların aktuallaşmasına səbəb olduğunu bildiriblər. Qeyd olunub ki, tibbi xidmətlərdən istifadə, səhiyyə orqanlarında qeydiyyat, məşğulluq və sosial təminatla bağlı suallar Azərbaycanda yerli cəmiyyətə inteqrasiya olunmaq istəyən miqrantları xüsusilə maraqlandırır. Vətəndaş cəmiyyəti insitututlarının təmsilçiləri yekdilliklə bildiriblər ki, bu istiqamətlərdə maarifləndirmə tədbirlərinin davamlı şəkildə həyata keçirilməsi, məlumatlandırma kampaniyalarının aparılması mühüm vəzifələrdəndir ki, bu prosesdə qeyri-hökumət təşkilatlarının fəal iştirakı yekun nəticələri daha səmərəli edən amillərdəndir.

Tədbirin sonunda iştirakçılar tərəfindən qaldırılan suallar Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı