Xırmandalı iki şəhidini qoynuna aldı - Masallıda
Şəmistan Yusifli və Sahil Babayevlə vida mərasimləri...
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları (19-20.09.2023-cü il) nəticəsində şəhid olan Masallı rayonunun Xırmandalı ərazi sakinləri - 16.01.1998-ci il təvəllüdlü baş leytenant Şəmistan Şükran oğlu Yusifli (Xırmandalı kəndi) və 21.03.1992-ci il təvəllüdlü Daxili Qoşunların müddətdən artıq hərbi qulluqçusu (MAXE) Sahil Sarıbala oğlu Babayev (Ərəb kəndi) doğulduqları ünvanlarda torpağa tapşırılıblar.
Dəfn mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatın məsul işçiləri, Milli Məclisin üzvü Məşhur Məmmədov, şəhidlərin yaxınları, hərbçi yoldaşları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət və nümayəndələri iştirak ediblər.
Şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələri və separatçı qrupların ölkəmizə qarşı dəfələrlə törətdiyi təxribatlar Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qələbəsi ilə nəticələnir: “Sarsılmaz birliyimiz nəticəsində hər dəfə Ermənistanın Azərbaycan ərazisindəki qondarma rejimə siyasi don geydirməsi və torpaqlarımıza hərbi təcavüz cəhdi boşa çıxır. Bu dəfə də separatçıların qısa müddətdə təslim olması bizim uğurumuz, Azərbaycanın növbəti tarixi Qələbəsidir...
Torpaqlarımızın bütövlüyü, suverenliyi uğrunda canını fəda edən Şəmistan və Sahil kimi qəhrəman oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq!”
Rayon rəhbəri şəhidlərin tabutuna bükülmüş üçrəngli bayrağımızı onların ailə üzvlərinə (baş leytenant Şəmistan Yusiflinin atası Şükran kişiyə, şəhid gizir Sahil Babayevin atası Sarıbala kişiyə) təqdim edib.
Akif AĞAYEV