Xəbərlər 07.12.2023 11:18 1932

Vətən Müharibəsi Qəhrəmanı - mayor Şixamir Qaflanovun doğum günüdür

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Bəbir” adlı xüsusi təyinatlı dəstəsinin komandiri olan mayor Şixamir Oruc oğlu Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2005-2006-cı illərdə Daxili Qoşunların Gəncə şəhərindəki hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində həqiqi hərbi xidmət keçib. Tərxis olunduqdan bir müddət sonra - 2007-ci ilin aprelində yenidən ordu sıralarına qayıdaraq, Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə borcunu şərəflə yerinə yetirməyə başlayıb. 2008-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olan Şixamir 2010-cu ildə bu hərbi təhsil ocağını müvəffəqiyyətlə bitirərək, leytenant hərbi rütbəsi alıb. Şixamir Qaflanov xidmət etdiyi dövrdə iki dəfə - 2012-ci ilin oktyabrından dekabrınadək və 2019-cu ilin fevralından iyununadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Zabit komando təməl kursu” və “Jandarma komando ixtisas kursu”nda təhsilini davam etdirib.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin ilk günlərindən mayor Şixamir Qaflanov komandiri olduğu və qoşunların “Bəbir” şərti adı verilmiş xüsusi təyinatlı dəstəsinin mərd hərbi qulluqçuları ilə birgə cəbhənin müxtəlif istiqamətlərində gedən əməliyyatlarda iştirak edib. O, 19 oktyabr tarixində Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Şixamir Qaflanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı