Peşə təhsili müəssisələrində təhsilalanların fövqəladə hallarla bağlı maarifləndirilməsinə dair tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən peşə təhsili müəssisələrinin rəhbər heyəti üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə müəssisələrdə təhsilalanların maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbir keçirilib.
Tədbirdə, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Fövqəladə Hallar və Elm və Təhsil nazirliklərinin nümayəndələri, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən peşə təhsili müəssisələrinin rəhbər heyəti və digər şəxslər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd peşə məktəblərində təhsilalanların təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirilməsi ilə əlaqədar qarşıda duran məsələlər və onların həlli yollarının müzakirəsi, bu istiqamətdə səmərəli işin qurulması üçün metodiki köməkliyin göstərilməsi olub.
Çıxış edənlər tədbirlərin əhəmiyyətini qeyd edərək, bu kimi müzakirələrin mütəmadi təşkil olunmasının faydasını vurğulayıblar.
Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fövqəladə hallarla bağlı zəruri davranış qaydaları, habelə peşə təhsili müəssisələrində maarifləndirmə işinin təşkili ilə əlaqədar geniş məlumat verilib. Mövzuya dair videoçarxların müşayiəti ilə interaktiv formada keçirilən tədbirlərdə suallar ətraflı cavablandırılıb.