Xəbərlər 10.12.2023 12:21 6270

İnstitutun şöbə müdiri: Hər bir insanın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik

“Bütün insanlar azad, ləyaqət və hüquqlar baxımından bərabər doğulurlar”. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsində yer alan bu fikir Bəyannamənin 75 il əvvəl qəbul edildiyi zaman olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlayır.

 

QHT.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı söyləyib. O bildirib ki, 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü hər bir insanın hüquq və azadlıqlarının vacibliyini və ayrılmazlığını bütün dünyaya xatırlatmaq üçün nəzərdə tutulmuş tarixdir.

“Bu il bayram iqlim dəyişikliyi və artan sosial bərabərsizlik kimi qlobal çağırışlar fonunda xüsusi əhəmiyyət kəsb edir. İnsan Hüquqları günü hər il dekabrın 10-da – BMT Baş Assambleyasının 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdiyi gündə qeyd olunur. Dünyanın bütün bölgələrindən olan mütəxəssislərin tərtib etdiyi bəyannamə, bütün xalqlar və insanlar üçün ümumbəşəri dəyərləri və vahid standartı müəyyən edir. Bu Bəyannamə dünyada ən çox tərcümə olunmuş sənəddir. Bəyannamə irqindən, rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidəsindən, milli və ya sosial mənşəyindən, mülkiyyətindən, doğumundan və ya digər vəziyyətindən asılı olmayaraq hər bir şəxsə məxsus hüquqların ilk qlobal ifadəsidir”, - deyə Vüsalə Muradxanlı qeyd edib.

Şöbə müdiri dövrümüzdə insan hüquqlarının qorunmasının əhəmiyyətinin öz aktuallığını itirmədiyini bildirib: “İrqçiliklə mübarizə, azlıqların hüquqlarının müdafiəsi, gender bərabərliyi, fikir və ifadə azadlığı hüquqları kimi məsələlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır. COVID-19 pandemiyası insan sağlamlığının insan hüquqları ilə necə sıx bağlı olduğunu göstərdi. Səhiyyə, sosial müdafiə, əmək və təhsil hüquqlarının əldə edilməsi məsələləri ön plana çıxıb. Pandemiya bərabərsizlik və ayrı-seçkilik məsələlərini də kəskinləşdirdi. İqlim dəyişikliyi insan hüquqlarına daha bir təhlükə yaradır. İqlim dəyişikliyi kontekstində ədalətli ekoloji siyasətə və insan hüquqlarının müdafiəsinə ehtiyacı vurğulayan ekoloji problemlər həssas əhaliyə qeyri-mütənasib şəkildə təsir edir. Beynəlxalq İnsan Hüquqları Günü hüquq və azadlıqlar uğrunda mübarizənin davamlı bir proses olduğunu xatırladır. Biz bu hüquqların ədalətli və sülhsevər dünyanın əsası olduğunu dərk edərək, planetdəki hər bir insanın hüquqlarının təmin edilməsi və müdafiəsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik. Bu gün hamımızı qoruyan bütün insan hüquqlarını - sosial, mədəni, iqtisadi, mülki və siyasi hüquqlarını təşviq etmək və onlara hörmət etmək həmişəkindən daha vacibdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi gərginliyi azaltmağa və dünyamızın səy göstərdiyi təhlükəsizlik və sabitliyi təmin etməyə kömək edə biləcək ümumi dəyərlərə və yanaşmalara işarə edir.

Beynəlxalq İnsan Hüquqları Günündə isə mən bütün dünyadakı insanları hər zaman, hər kəs üçün, hər yerdə insan haqlarını təşviq etməyə və hörmət etməyə çağırıram”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı