Xəbərlər 29.02.2024 18:31 2160

XOCALI SOYQIRIMINDAN XOCALI ZƏFƏRİNƏ

26 Fevral 2024-cü il. Həmin gün Xocalıya günəş doğmuşdu. 32 il bundan əvvəl qan izləri ilə qırmızı rəngə boyanan qarın yerini günəşin al şəfəqləri bürümüşdü. Çox qəribə, heyrətamiz mənzərə vardı. Ağdamdan Xocalıya baxarkən səhər günəşinin al şəfəqlərinin qarlı Kətik meşəsini, ağ örpəyə bürünmüş yüksək dağların üzərini qırmızı rəngə boyadığını gördük. Biz adətən öyrənmişdik ki, hər il Xocalı soyqırımının ildönümü olanda hava dəyişir, sanki həmin günü göylərdən asılı qalaraq gözləyən qar yerə səpələnir ki, o müdhiş gecənin təəssüratlarını bizə yaşatsın. Bu dəfə isə ana təbiət gülürdü, sevinirdi, isti qucaq açmışdı. Çünki 32 ildir görmədiyi, nəfəsinə həsrət qaldığı övladlarını bağrına basırdı.

 

Hər birimiz ilk dəfə idi ki, belə fərqli duyğular yaşayırdıq. Qəlbimizdə Xocalı ağrısı olsa da, həm də qürur, fərəh, sevinc içində idik. Həqiqətən, insan bu qədər ülvi hislərin ağuşunda fikirlərini, təəssüratlarını olduğu kimi ifadə etməkdə çətinlik çəkir. Arzumuza, amalımıza, vüsalımıza çatmışdıq. Xocalıya daxil olarkən 32 il bundan öncə qarlı qış gecəsində soydaşlarımızın öz canlarını qurtarmaq üçün pərən-pərən olduğu yerlərdən gözlərimizi ayıra bilmirdik. Qarlı Kətik meşəsinə, Qaraqayaya, Qarqarçaya baxdıqca günahsız insanların çəkdikləri müsibətləri gözlərimizdə canlandırmağa çalışırdıq.

Biz xocalılıları, qalib ölkənin qalib vətəndaşlarını sevincə və həyəcana qərq edən məqamlardan biri də Müzəffər Ali Baş Komandanımızla görüşümüz idi. Cənab Prezidentimiz Xocalıda Soyqırımı Memorialının təməlini qoydu və zəfər tariximizin şahidləri - Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu görüş mənə 24 fevral 1996-cı il Xocalı soyqırımının 4-cü ildönümündə Ulu öndər Heydər Əliyevin bir qrup Xocalı sakinləri ilə görüşünü xatırlatdı. Əslində Xocalıda olan görüş 28 il bundan əvvəl olan görüşün məntiqi davamı idi. Prezident İlham Əliyevin Xocalıda xocalılılarla görüşü Ümummilli liderimizin atdığı təməllər və reallaşmasını gözləyən ideyaların həyata keçdiyinin daha bir sübutudur. Ulu öndər həmin tarixi görüş zamanı yekun sözündə bildirmişdi ki, əmin ola bilərsiniz ki, bütün varlığımı, təcrübəmi, biliyimi, həyatımı Azərbaycan xalqının belə ağır vəziyyətdən çıxmasına həsr edirəm, bundan sonra da həsr edəcəyəm, Azərbaycan xalqının xoşbəxt gələcəyə çıxmasına həsr edəcəyəm. Ümidvaram ki, biz qarşımızda qoyduğumuz məqsədlərə nail olacağıq. Mən nəinki bu ümidlərlə yaşayıram, bu ümidlərin çin olması üçün, bu ümidlərin həyata keçməsi üçün gecə-gündüz fəaliyyət göstərirəm.

 

Ata vəsiyyətini yerinə yetirən, onun dövlətçilik xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev qalib sərkərdə kimi prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Prezident Cənab İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib, həmçinin 10 fevral 2011-ci il tarixdə Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında xocalılılara “Xocalıya biz qayıdacağıq və orada siz dediyiniz kimi, bundan da gözəl binaları tikəcəyik. Biz bu vaxtı hər an öz səylərimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” vədi bu gün reallığa çevrilib.

Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimində çıxış edən Prezident bildirdi ki, memorial komplekinin layihəsi çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Bəli, dövlətə və dövlətçiliyimzə daim sədaqət nümayiş etdirən xocalılılar Cənab Prezidentimizin apardığı qətiyyətli siyasətə də, Xocalıya qayıdışımıza da inanırdı. Zəfər, ona inananlarındır. Məhz inamımız bizə bu qələbələri, bu gözəl günləri yaşatdı.

 

Soyqırımı Memorialının tikiləcəyi ərazi elə bir yerdədir ki, buradan baxanda soyqırımın törədildiyi ərazilər görsənir. Xocalıya gələn hər sakin, hər qonaq bu kompleksi görəcək. Bu o deməkdir ki, Soyqırımı Memorialı həm də qan yaddaşımızın daim canlı qalması, başımıza gətirilən faciələrin unudulmaması üçün bir and yerinə, həm də zəfər tariximizi özündə əks etdirən bir məkana çevriləcək.

Memorial kompleksin maketində bağ təsvir edilib. Bağ həyat mənasını verir. Bu gün soyqırıma məruz qalmış, didərgin olmuş Xocalıya həyat qayıdıb. Şəhid ruhların dolaşdığı cənnət Xocalı gülüstana çevriləcək. Xocalıda bayram tonqallarımız alovlandırılacaq. Bu yaz, başqa yaz olacaq Xocalıda. İlk dəfədir ki, Kətik meşəsində şəhid ruhlarının narahatlığından utanaraq boynubükük qalan bənövşələr şövqlə torpaqdan baş qaldıracaqlar. Düşmən tapdağında açmaq istəməyən süsənlər, novruzgülülər ətrafa istəklə ətir saçacaqlar. Qarqarçayın kədərli nəğməsini, sevincli, şən nəğmələr əvəzləyəcək. Bir vaxt qan ağlayan, qan rəngində axan Qarqarçay indi büllur kimi şaqraq, xalqımızın saf ruhuna oxşar təmizlikdə xocalılıların gəlişi ilə gur çağlayacaq. Bu yurdun sahibləri yenidən qurub-yaradacaqlar. Toy-büsatlı, şənlikli olacaq Xocalımız. Qarşıda bizi daha gözəl, xoşbəxt günlər gözləyir.

 

Xocalı soyqırımından Xocalı Zəfərinə gedən bir yolda Cənab Prezidentimizlə birgə addımlayaraq Xocalıda aparılan bərpa-quruculuq işləri ilə də tanış olduq. Bu müqəddəs ziyarətdə Ulu öndərimiz Heydər Əliyevin ideyalarının yaşadığının, Prezident İlham Əliyevin qətiyyətinin, xalqına məhəbbətinin, dəmir yumruğunun gücünün bir daha şahidləri olduq. Birgə addımlar qalib ölkənin qalib vətəndaşlarının timsalında bütün xalqımızın həmrəyliyinin, yeni hədəflərimizə doğru qətiyyətimizin rəmzi idi. Şəhidlərimizin ruhları isə azad və abadlaşan Xocalımızın səmalarında şad və rahat pərvaz edirdi.

Biz, həm də böyük mübarizənin sonunda əldə olunmuş zəfərin şahidləri, “Prezident-Xalq-Ordu” birliyinin simvolu kimi birgə addımlayaraq Zəfərimizin yekun möhürü – Xankəndi Paradının, Azərbaycan Ordusunun qələbə təntənəsinin keçirildiyi meydana və erməni seperatçılarının tabutuna son mismarın vurulduğu inzibati binaya gəldik. Zəfər Paradının keçirildiyi meydanda xatirə şəkilləri çəkdirdik, sevincimizi, qürurumuzu, minnətdarlığımızı Prezidentimizə ifadə etdik.

 

Müzəffər Ali Baş Komandanımızın səmimiliyi, sadələyi hər birimizi heyran etdi. Prezidentimizin hər kəslə səmimi söhbəti, fikirlərini dinləməsi onun müdrikliyinin göstərisicisidir. Belə tarixi anları yaşadığıma görə, Müzəffər Ali Baş Komandanımızla görüşüm üçün özümü xoşbəxt və şanslı sayıram. Yaxşı bilirəm ki, bu həm də mənim üçün böyük məsuliyyətdir.

 

Bu gün rayonumuzun yeganə mətbuat orqanı olan, xocalılılar kimi didərginlik həyatına son qoyulan, bu illər ərzində kədərimizdən, sevincimizdən, Böyük Zəfərimizə inamımızdan yazan “Xocalının səsi” artıq Xocalıya qayıdışımızdan da yazır, səsini doğma torpaqlardan eşitdirir. Qalib ölkənin qalib jurnalisti kimi bundan böyük xoşbəxtlik yoxdur mənim üçün.

 

Qəlbimdən gələn ülvi arzularımla, ən gözəl dualarımla qələbəmizin baş memarı kimi Sizə dərin minnətdarlığımı bildirirəm, Cənab Prezident! Tanrı Sizi qorusun!

 

Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin redaktoru, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı