Xəbərlər 18.04.2024 18:24 1045

“Hamı üçün bərabər əlçatanlıq və qanın müxtəlif laxtalanma pozğunluqlarının aşkarlanmasına dair” elmi konfrans -FOTOLAR 

TƏBİB və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə “Hamı üçün bərabər əlçatanlıq və qanın müxtəlif laxtalanma pozğunluqlarının aşkarlanmasına dair” elmi konfrans keçirilib. 

Konfransda TƏBİB-in İcraçı direktorun müşaviri Səkinə Sadıxova, Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov və digər rəsmi şəxslər iştirak edib. 

Ümumdünya Hemofiliya Gününə həsr olunan elmi konfransda bildirilib ki, “Hamı üçün bərabər əlçatanlıq və qanın müxtəlif laxtalanma pozğunluqlarının aşkarlanmasına dair” şüarı ilə dünyanın 114 ölkəsində müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində məqsəd qanın laxtalanma pozğunluğundan əziyyət çəkən müxtəlif diaqnozlu insanların müalicəsini yaxşılaşdırmaq, həyat keyfiyyətini yüksəltməkdir. Çıxış edənlər bundan sonra da qanın laxtalanma pozğunluğundan əziyyət çəkən insanların müayinə-müalicəsi, sosial müdafiəsi istiqamətində ictimai təşkilat və dövlət qurumları arasında əməkdaşlığın davam edəcəyini bildiriblər.

Ümumdünya Hemofiliya Federasiyasının məlumatına görə, 10.000 nəfərdən biri hemofiliya xəstəliyi ilə doğulur. Hemofiliya X xromosomu ilə əlaqəli resessiv anadangəlmə qanın laxtalanma pozğunluğu ilə müşahidə olunan xəstəlikdir. İlk dəfə 1820-ci illərdə Schonlein tərəfindən araşdırılıb. 

Xəstəlik daha çox kişilərdə müşahidə olunur, qadınlar isə daşıyıcıdırlar. 

Elmi konfransda hemofiliya xəstəliyi ilə bağlı bir çox maraqlı aspektlərə toxunulub. Mərkəzi Neftçilər Xəstəxanasının həkim-pediatrı Uzman dr. Nərmin Quluzadə hemofiliya A və B diaqnozu olan xəstələrin ailəvi hemofiliya daşıyıcılığı və X-inaktivasiya genetik təyini mövzusunda, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri dr. Mina Adıgözəlova hemofiliya xəstəliyi və onun müasir müalicəsi mövzusunda, həmin xəstəxananın həkim-hematoloqu Firəngiz Nəzərli disfibrinogenemiya ilə olan hamilələrə yanaşma, Tibbi Reabilitasiya Mərkəzinin direktor müavini, baş həkim dr. Gülay Qurbanzadə hemofiliyalı xəstələrin reabilitasiyası mövzusunda, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Üz-çənə cərrahiyyə şöbəsinin müdiri Uzman dr. Vüqar Qurbanov hemofiliyalı xəstələrdə stomatoloji xidmətin təşkili, Nərimanov Tibb Mərkəzi, 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının həkim-infeksionisti dr. Aybəniz Qaziyeva hemofiliyalı xəstələrdə infeksion xəstəliklərin gedişatı mövzusunda çıxış edib. 

Çıxışlardan sonra konfrans sual-cavabla davam etdirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı