QHT sədri Tarixi Qələbə və Xocalıya Yenidən İnkişafdan Danışdı
"44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatlarından sonra əldə olunan qələbə nəinki ərazi bütövlüyümüzün eləcə də tarixi ədalətin bərpası idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz dövlətimizin gücünü döyüş meydanında düşmənə bir daha göstərdi ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl - 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi”.
Bu fikirləri Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərmana əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mayın 29-da Qaradağ rayonundan Xocalı şəhərinə köç karvanı yola salınıb. Həmin köç Xocalıya çatıb və yenidən qurulan, müasir şəhərdə 24 ailə 88 nəfər məskunlaşıb. Bu hgünə kmimi Xocalı şəhərinə 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. Xocalıya 32 il sonra yenidən həyat qayıdıb. Artıq sakinlər Xocalı şəhərində məskunlaşmağa başlayıb. Xocalıya qayıdış prosesi davam etməkdədir”.
QHT sədri qeyd edib ki, Xocalıya səfəri çərçivəsində Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva burada 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar, bildirilib ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir: “Xocalı şəhərində hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb. 2013-cü ilin fevralında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ali orqanı olan və 57 ölkəni təmsil edən İƏT dövlət başçılarının iştirakı ilə keçirilən İslam Zirvə Konfransının Misirin paytaxtı Qahirədə təşkil olunmuş 12-ci sessiyası Xocalı faciəsini Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş soyqırımı aktı və ümumən insanlığa qarşı cinayət kimi tanıyıb. Bu qərar Zirvə Konfransının Yekun Kommünikesində öz əksini tapıb”.
Fariz Əkbərov həmçinin qeyd edib ki, Xocalıda törədilmiş əməllərin əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi, onun beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir.
Pərvanə Fərhadqızı
QHT.az