Şəfalı əlləriniz var olsun
Şəfalı əlləriniz var olsun
73 yaşım var. Əmək veteranıyam. Uzun müddət doğma Masallıda və qonşu rayonlarda rəhbər vəzifələrdə çalışmışam. Rayon Ağsaqqallar Şurasının üzvüyəm. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının sıralarındayam. Ömür kitabım acılı-şirinli, yadda qalan səhifələrlə zəngindir. Məni tanıyanlar yaxşı bilir ki, həmişə ətrafımdakılarla həssas, duyğusal münasibətlər saxlamağa çalışmışam.
Həyatın enişli-yoxuşlu yollarında xoş anlarla yanaşı çətinliklərlə də rastlaşmışam. Lakin taleyin ağır sınaqlarına sinə gərərkən dözüm toplamağı, cəsarətli olmağı bacarmışam...
11 iyun 2024-cü il. Sağlamlığımın təhlükə altında olduğu gün. Ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə çatdırılıdım. Bir saat gec yetişsəydim, həyatımın sonu ola bilərdi. Təcili olaraq cərrahiyyə əməliyyatı masası hazırlandı. Tibb üzrə fəlsəfə doktoru, uzman, Almaniyada təhsil almış ürək cərrahı Vüsal Hacıyevin, həkim-kardioloq Vüsalə Rəhimlinin rəhbərliyi ilə əməliyyata götürüldüm. On saata yaxın davam edən açıq ürək əməliyyatı uğurla başa çatdı. Gənc, istedadlı həkimlərimizin köməyilə tamamilə sıradan çıxmış dörd damar yenisi ilə əvəz edildi. Hələ üstəlik infarkt keçirdiyim zaman yaranan mənfi əlamətlər də aradan qaldırıldı...
Ağır əməliyyat zamanı mənə yeni həyat bəxş etmiş Vüsal və Vüsalə həkimə, tibb ocağında çalışan xanımlardan – Sevinc və Ayşən həkimə, tibb bacıları Xanıma, Təranəyə, Sevincə, Gülarəyə, Həcərə, Solmaza, Xatirəyə, Xumara, stasionar bölmənin baş tibb bacısı Ülkər Aşırovaya, tibb işçiləri İlahəyə, Aidəyə, xadimə Ruhiyyəyə dərin minnətdarlıq hissimi sözlə ifadə etməkdə acizəm. Çünki daşıdıqları müqəddəs peşəyə məsuliyyətlə, vicdanla, peşəkarcasına yanaşan bu mehriban, gülərüz insanların diqqət və qayğısı, fədakarlığı nəticəsində ölümün pəncəsindən xilas oldum, sağlamlığıma, ailəmə qovuşdum. Milli Qurtuluş günü, müqəddəs Qurban bayramı ərəfəsində dünyanın ən gözəl hədiyyəsi, həyatın ən şirin neməti olan cansağlığı ilə müjdələndim.
Sağlamlığımızın keşiyində duran bu cür xeyirxah, nəcib peşə sahibləri barədə ürək dolusu uzun-uzadı xoş danışmaq olar.
Sonda bir daha Bakı Sağlamlıq Mərkəzində pasiyentlərə göstərilən keyfiyyətli tibbi xidmətə görə səhiyyə ocağının rəhbərlik və kollektivinə, mənə yeni yaşam sevinci bəxş edən Avropa Ürək Cərrahları Assosiasiyasının üzvü, kardioloq-alim Vüsal Hacıyevə, yuxarıda adlarını çəkdiyim tibbi heyətə, o cümlədən xəstə olduğum müddətdə məndən ötrü narahat olan, tez sağalmağım üçün Allaha dua-səna edən hər kəsə öz adımdan, ailəmiz adından təşəkkürümü bildirirəm.
Xəlil HÜSEYNOV,
əmək veteranı, Masallı şəhər sakini.