Xəbərlər 06.12.2024 13:15 250

Kəmalə Aşumova: "Könüllülük fəaliyyətini həyat tərzinə çevirmək mümkündür"

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova QHT.az-a özəl açıqlamasında könüllülük fəaliyyətinin gənclərin inkişafında mühüm rol oynadığını bildirib. O, öz şəxsi təcrübəsinə əsaslanaraq, könüllülük işinin yalnız gənclərin deyil, bütün yaş qruplarından olan insanların həyatında önəmli dəyişikliklər yaratdığını vurğulayıb.

 

"Könüllülük işinə öz həyatımda başlamışam"

Kəmalə Aşumova qeyd edib ki, özü də vaxtilə könüllü fəaliyyətdən başlayaraq bu sahədə irəliləyib:

"İnsanlara və cəmiyyətə müsbət töhfə vermək, öz bilik və bacarıqlarını başqaları ilə bölüşmək könüllülük işinin əsas qayəsidir. Könüllülük fəaliyyəti insana əmək və məsuliyyət anlayışını öyrədir, gələcəkdə iş həyatına hazırlıq üçün böyük təcrübə qazandırır. Həmçinin, könüllülərin başqalarına sevinc bəxş etməsi və onların həyatında müsbət dəyişikliklərə səbəb olması, bu işin motivasiyaedici tərəflərindəndir."

 

"Könüllülər cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır"

QHT sədri bildirib ki, könüllülük fəaliyyəti empatiya, qarşılıqlı anlayış və dayanıqlı kommunikasiya qurmaq baxımından da əhəmiyyətlidir:

"Könüllülük fəaliyyəti yalnız fərdi inkişaf üçün deyil, həm də yaxşı bir vətəndaş kimi formalaşmaq üçün vacibdir. Gənclər bu sahəni tərk etsələr də, əldə etdikləri dəyərləri öz iş yerlərində və həyatlarında tətbiq edirlər. Bu, onların cəmiyyətə töhfə vermək istəyinin davamlılığını təmin edir."

 

"Rəsmi işlərdə çalışanlar belə könüllü fəaliyyət göstərmək istəyir"

Kəmalə Aşumova əlavə edib ki, hazırda bir çox insanlar rəsmi işlərdə çalışsalar da, könüllü fəaliyyətə maraq göstərirlər:

"Bizə tez-tez müraciətlər olur. İnsanlar deyir ki, rəsmi işimiz var, amma cəmiyyətə töhfə vermək üçün könüllü fəaliyyətə qatılmaq istəyirik. Belə müraciətləri həvəslə qəbul edir, onların köməyindən yararlanmağa çalışırıq. Bu, onu göstərir ki, könüllülük insanlarda dərin iz buraxır və bu istək onların həyatında davam edir."

Sonda QHT sədi qeyd edib ki, cəmiyyətdə könüllülük mədəniyyətinin inkişafı daha çox insanın bu sahəyə cəlb olunmasına və daha faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır.

"Könüllülük fəaliyyəti yalnız maddi deyil, mənəvi dəyərlərin paylaşılması və insanlara fayda gətirməyin ən gözəl nümunəsidir. Biz çalışırıq ki, bu sahəni daha da inkişaf etdirək və hər kəsi cəmiyyətə yararlı olmaq üçün səfərbər edək."

 

Pərvanə Fərhadqızı
QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı