Xəbərlər 14.02.2025 15:28 276

Telman Dadaşov: "Sevgi hər gün yaşanmalı və dəyər verilməlidir"

"Tərəqqi" Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov 14 Fevral - Sevgililər Gününün əsasən xristian mədəniyyətinə aid olduğunu və bir sıra müsəlman ölkələrində qeyd edilmədiyini bildirib. O, QHT.az-a açıqlamasında Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrdə bu günün bayram kimi qəbul edilmədiyini vurğulayıb.

Telman Dadaşovun sözlərinə görə, sevgi hər gün yaşanmalı və insan həyatının ayrılmaz hissəsi olmalıdır:
"Bizim milli dəyərlərimiz belə mənasız tarixçəsi olan bir günü 'Sevgililər Günü' kimi qeyd etməyi doğru hesab etmir. Əslində, sevgi və hörmət insan həyatında gündəlik yaşanmalı olan dəyərlərdir. Sevginin müxtəlif formaları var: valideyn sevgisi, övlad sevgisi, dostluq sevgisi, ailə sevgisi və Allaha olan sevgi. Cütlüklər arasındakı sevgi isə yalnız bir günlə məhdudlaşdırılmamalıdır."

O, Azərbaycanda 30 iyunun qeyri-rəsmi olaraq Sevgililər Günü kimi qeyd edildiyini xatırladıb. Bu günün seçilməsinin xüsusi tarixi var:
"30 iyun 1990-cı ildə 20 Yanvar faciəsində şəhid olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günüdür. 2003-cü ildən bəri bu gün Azərbaycanda sevginin simvolu kimi yaddaşlara yazılıb."

Telman Dadaşov sevginin insan münasibətlərində ən mühüm amil olduğunu bildirərək əlavə edib ki, sevgi yalnız bir gün qeyd olunmalı olan hiss deyil:
"Əsl sevgi, hər zaman ehtiyac duyduğumuz, lakin çox vaxt unudulan ən əhəmiyyətli dəyərdir. Sevən insanlar bir-birilərinə hər zaman hörmət və dəyər verməli, münasibətlərini səmimiyyət və kiçik sürprizlərlə gücləndirməlidirlər. Xüsusi günlər insanlara duyğularını ifadə etmək və qarşılıqlı emosional dəstək almaq üçün vasitə olsa da, ailə münasibətlərinin möhkəmlənməsi və sosial problemlərin azalması üçün bu sevgi hər gün yaşanmalıdır."

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı