Deputat Müşfiq Məmmədli: “KİV və reklam sektorunda ana dilinin qorunmasına diqqət yetirilməlidir”
21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə QHT.az Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədlidən açıqlama alıb. Deputat ana dilinin hər bir xalq və dövlət üçün mühüm atribut olduğunu vurğulayaraq, onun qorunmasının milli kimliyin, ideologiyanın və dövlətçiliyin inkişafında əsas amillərdən biri olduğunu bildirib.
Müşfiq Məmmədli qeyd edib ki, hər bir xalqın mövcudluğu onun dilinin qorunmasından asılıdır:
"Dilini unutmuş və ya başqa dillərdə danışan xalqlar əslində assimilyasiyaya uğrayıb və tarix səhnəsindən silinmişdir. Bir sözlə, ana dili milli kimlikdir. Ona görə də dövlətçilik, müstəqil dövlətçiliyə sahib olan xalqlar bu dövlətçiliyin inkişafı və millətin gələcək inkişafı üçün önəm verməlidir. Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar atır. Biz dilimizin inkişafı və beynəlxalq dillər səviyyəsində inkişaf etməsinin şahidi oluruq. Çünki istər beynəlxalq yazışmalar, istərsə də dövlət dilinin digər sahələrdə istifadəsi baxımından mühüm addımlar atılır."
Bununla yanaşı, qloballaşma prosesində dilə xarici terminlərin daxil olması məsələsinə toxunan Müşfiq Məmmədli qeyd edib ki, bu proses nəzarət altında tənzimlənməlidir:
"Müəyyən addımların atılması da davamlı şəkildə olmalıdır ki, dil inkişaf etsin. Çünki təbii ki, beynəlxalq münasibətlər sisteminə inteqrasiya etmiş ölkələr daha inkişaf etmişdir və digər ölkələrdən, onların dillərindən və beynəlxalq iqtisadi, siyasi sahələrdə olan beynəlxalq terminologiyadan da istifadə olunur və bunlar bizim dilimizə daxil olur. Təbii ki, bunlar da neologizmlər adlanır. Bəzən belə fikirlər səslənir ki, həmin terminlərin dilimizə daxil olması dilimizi gələcəkdə müəyyən təhlükələrə məruz qoya bilər. Ancaq mən düşünürəm ki, bu, müəyyən elmi baxımdan və dövlətin bu istiqamətdə nəzarəti baxımından çox önəmlidir. Bunlar nəzarət altında, tənzimlənmiş şəkildə dilə daxil olması əslində dilin zənginləşməsinə gətirib çıxarır. Bundan başqa, xüsusən kütləvi informasiya vasitələrində və mediada istifadəsinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Çünki biz müstəqilliyin ilk illərindən başlayaraq, sonrakı illərdə də qonşu qardaş xalqlardan olan bəzi sözlərin dilimizə daxil olmasını, bəzən isə xüsusən inkişaf etməkdə olan gənc nəslin bu kəlmələrdən istifadə edərək dilimizin zənginliklərini bir qədər unutmasının da şahidi olmuşuq. Ona görə də bu, çox mühüm əhəmiyyət kəsb edir."
Deputat həmçinin, kütləvi informasiya vasitələrində və mediada ədəbi dilin qorunmasının vacibliyini vurğulayıb. O, xüsusilə reklam lövhələrində və kommersiya sektorunda xarici dillərin təsirinin azaldılması üçün məhdudlaşdırıcı tədbirlərin görülməsinin vacib olduğunu bildirib:
"Media subyektləri daha çox diqqət etməli, həmçinin narahatedici məqam reklam lövhələrində müəyyən iqtisadi aktivliyin artması ilə, xüsusən də özəl sektorun inkişafı ilə başqa dillərdən keçən anlayışların öz dilimizdə olan anlayışları əvəz etməsidir. Məncə, bu istiqamətdə də mühüm addımlar atılıb və dövlət bu sahədə məhdudlaşdırıcı tədbirlər görməlidir."
Pərvanə Fərhadqızı
QHT.az