Xəbərlər 24.02.2025 11:20 188

Ölkəmiz iqlim dəyişikliyi ilə necə mübarizə aparır? QHT sədrindən AÇIQLAMALAR

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında iqlim dəyişikliyi ilə bağlı mühüm məqamları vurğulayıb.

QHT sədri bildirib ki, atmosferdə istilik saxlayan istixana qazlarının artması, orta temperaturun yüksəlməsi və bunun nəticəsində iqlimin gözlənilməz dəyişməsi qlobal miqyasda ciddi problemlərə yol açır. Bu proses əsasən istixana qazlarının sərbəst buraxılması, ekoloji ziyanın artması və meşələrin qırılması ilə bağlıdır ki, bu da bütün canlı aləmə mənfi təsir göstərir:

"İqlim dəyişikliyi ümumiyyətlə nəzarətsiz və həddindən artıq insan fəaliyyəti nəticəsində baş verir. Dünyanın demək olar ki, bütün ölkələri 1994-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəfləridir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədi iqlim sisteminə təhlükəli insan müdaxiləsinin qarşısını almaqdır. Konvensiyada qeyd edildiyi kimi, bunun üçün atmosferdə istixana qazlarının konsentrasiyalarının ekosistemlərin təbii olaraq iqlim dəyişikliyinə uyğunlaşa bildiyi, qida istehsalının təhlükə altına düşməyəcəyi və iqtisadi inkişafın davamlı olacağı səviyyədə sabitləşdirilməsi tələb olunur. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının özü emissiyaları məhdudlaşdırmır, əksinə bunu edən protokollar üçün çərçivə təmin edir". 

İradə Həsənovanın sözlərinə görə, 2015-ci ildə bütün BMT ölkələri qlobal istiləşməni 2,0 °C-dən xeyli aşağı saxlamaq məqsədi daşıyan və istiləşməni 1,5 °C-dən aşağı saxlamaq hədəfini özündə əks etdirən Paris Sazişini müzakirə etdilər. QHT sədri bildirib ki, Müqavilə Kioto protokolunu əvəz etdi: 

"Kiotodan fərqli olaraq, Paris Sazişində heç bir məcburi emissiya hədəfləri müəyyən edilməmişdir. Əvəzində bir sıra prosedurlar məcburi oldu. Ölkələr müntəzəm olaraq daha iddialı hədəflər qoymalı və hər beş ildən bir onları yenidən qiymətləndirməlidirlər. Paris sazişi inkişaf etməkdə olan ölkələrin maliyyə dəstəyinin zəruriliyini bir daha vurğuladı. 2021-ci ilin oktyabr ayına olan məlumata görə, 194 dövlət və Avropa İttifaqı sazişi imzalamış, 191 dövlət və Aİ isə onu ratifikasiya etmişdir. 2019-cu ildə Böyük Britaniya Parlamenti iqlimlə bağlı fövqəladə vəziyyət elan edən ilk milli hökumət oldu. Elə həmin il Avropa Parlamenti də “iqlim və ətraf mühitlə bağlı fövqəladə vəziyyət” elan etdi. Avropa Komissiyası 2050-ci ilə qədər Aİ-ni karbondan neytrallaşdırmaq məqsədi ilə Avropa Yaşıl Sazişini təqdim etdi. Asiyanın əsas ölkələri də oxşar öhdəliklər götürdülər: Cənubi Koreya və Yaponiya 2050-ci ilə qədər, Çin isə 2060-cı ilə qədər karbon neytral olmağa söz verdilər.2021-ci ildə Avropa Komissiyası avtomobil sənayesi üçün təlimatlarla "Fit for 55" qanunvericilik paketini nəşr etdi; Avropa bazarındakı bütün yeni avtomobillər 2035-ci ildən etibarən sıfır emissiyalı avtomobillər olmalıdır. Hindistanın bərpa olunan enerji mənbələri üçün güclü stimulları olsa da, ölkədə kömürün əhəmiyyətli dərəcədə genişləndirilməsi də planlaşdırılır".

QHT sədri Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı üzləşdiyi çətinliklər və ölkənin bu istiqamətdə atdığı addımlardan da danışıb. Onun sözlərinə görə, Azərbaycan da qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmayıb və istiləşmə, yağıntıların dəyişməsi, torpağın şoranlaşması, səhralaşmanın artması kimi proseslərlə qarşılaşır:

"Temperaturun yüksəlməsi nəticəsində daşqınlar, yanğınlar, sürüşmələr və quraqlıqların artması ehtimal edilir ki, bu da ekosistemlərə və insan fəaliyyətinə mənfi təsir göstərir. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və istilik effekti yaradan qaz tullantılarının uçotunun aparılması, milli məlumatların hazırlanması kimi öhdəlikləri yerinə yetirir. Ölkə 2000-ci ildə Kioto Protokolunu təsdiq edib, onun ikinci dövrü üçün qəbul edilən Doha əlavəsini isə 2015-ci ildə ratifikasiya edib. Bununla Azərbaycan beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizə prosesinə aktiv şəkildə qoşulub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişi 2016-cı il aprelin 22-də Azərbaycan tərəfindən imzalanıb və həmin ilin oktyabr ayında ratifikasiya olunub. Paris Sazişinin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan BMT-yə təqdim etdiyi “Milli səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədində 2030-cu ilə qədər istixana qazlarının emissiyasını 1990-cı illə müqayisədə 35% azaltmağı hədəfləyib".

İradə Həsənova bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi ölkənin ekoloji dayanıqlılığa və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi önəmi bir daha sübut edir. Bundan əlavə, Azərbaycanın COP29 kimi nüfuzlu bir tədbirə ev sahibliyi etməsi ölkənin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfənin göstəricisidir:

"Ekspertlər qeyd edirlər ki, iqlim dəyişikliyi və qlobal istiləşmə ekstremal hava hadisələrinin artmasına səbəb olur və bu proseslər daha çox zəif cəmiyyətlərə mənfi təsir göstərir. Buna görə də, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və davamlı ekoloji tədbirlərin həyata keçirilməsi prioritet məsələlərdən biri olaraq qalır. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə dünyada 2 milyartdan çox insan qida təhlükəsisliyindən əziyyət çəkir.İqlim dəyişikliyi,torpaqlarda məhsuldarlığın azalması içməli,o cümlədən suvarma sularının çatışmazlığını da buraya əlavə etsək problemin nə qədər dərin olması mənzərəsi yaranır. BMT-nin illik hesabatına görə iqlim dəyişikliyi birbaşa qida təhlükəsizliyinə təsir göstərir. Azərbaycan xüsusilə Qarabağ və Şərgi Zəngəzur bölgələrinin yaşıl enerji zonaları elan edilməsi günəş və külək enerjisi layihələrinin inkişafına yol açmışdır. Ölkəmiz 2030-cu ilədək ümumu enerji istehsalının 30 faizinin bərpaolunan mənbələrdən istifadə etməyi hədəfləyir".

QHT sədri sonda qeyd edib ki, Azərbaycanda keçirilən COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır və Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir:

"COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlar atır.Respublikamız qlobal iqlim siyasətini dəstəkləyərək bu istiqamətdə dünyanın bir çox dövlətləri ilə əməkdaşlıq edir. Respublikamızın bu istiqamətdə dünya ölkələri ilə gələcəkdə də sıx əməkdaşlıq etməsi iqlim dəyişikliyi ilə mübarizəyə,o cümlədən ətraf mühitin qorunmasına öz nailiyyətlərini verəcəkdir".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı