Cənubda dini-mənəvi dəyərlərin vətəndaş cəmiyyətində rolu artırılır
Din və Qadın Hüquqları İctimai Birliyi Cənub bölgəsində dini-mənəvi dəyərlərin təbliği və vətəndaş cəmiyyəti quruculuğunda rolunun artırılması məqsədilə “Vətəndaş cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” adlı layihəni həyata keçirir.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur və 3 ay müddətində davam edəcək. Layihə çərçivəsində Astara, Cəlilabad, Yardımlı, Masallı və Lənkəran rayonlarında seminar və təlimlər təşkil ediləcək. Ümumilikdə 100 nəfərin – yerli icra hakimiyyəti, dini icmalar, QHT və KİV nümayəndələri də daxil olmaqla – iştirakı nəzərdə tutulur.
Seminar-treninqlər mövzu üzrə ekspertlərin iştirakı ilə interaktiv müzakirə və kiçik qruplarda iş formatında keçiriləcək. Tədbirlərdə iştirakçılar İslamın mənəvi dəyərlər sistemi, qadın haqları, dini radikalizmə qarşı mübarizə, erkən nikahın fəsadları və dindən sui-istifadənin qarşısının alınması kimi mövzular barədə məlumatlandırılacaqlar. Təlimlər zamanı iştirakçılar 4 kiçik qrupa bölünəcək, hər qrupa 3 sual veriləcək, qruplar birlikdə işləyərək təqdimatlarla çıxış edəcəklər. Təlimçilər qrup işlərini yekunlaşdıracaq və iştirakçıların suallarını cavablandıracaqlar. Tədbirlərdə iştirakçılar üçün çay fasiləsi də təşkil olunacaq.
Layihənin nəticələri aşağıdakı kimi gözlənilir:
-
Fərqli mədəni və dini dünyagörüşə malik insanlar, xüsusən qadınlar və gənclər maarifləndiriləcək;
-
100 nəfər iştirakçı dini-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində biliklərini artıracaq;
-
İştirakçılar diqqəti qaldırılan problemlərə yönələcək, öz rəylərini bildirəcək və təkliflər verəcəklər;
-
Dini-mənəvi dəyərlərin qorunması sahəsində mövcud problemlər ictimailəşəcək;
-
Problemlərin yaranma səbəbləri və aradan qaldırılması yolları barədə əhalinin məlumatlılığı artırılacaq;
-
Təlim iştirakçıları bir-birini yaxından tanıyaraq qarşılıqlı inam və müsbət atmosfer yaradacaqlar;
-
Təlimlərdən bəhrələnən şəxslər öz yaxın ətraflarında, xüsusilə qadınlar və gənclər arasında maarifləndirici işlər aparacaq, ölkədə güclü vətəndaş cəmiyyətinin formalaşmasına töhfə verəcəklər;
-
Problemlə bağlı sahəyə cavabdeh dövlət qurumları, ictimaiyyət və KİV-in diqqəti cəlb olunacaq.
Din və Qadın Hüquqları İctimai Birliyi layihə vasitəsilə Cənub bölgəsində dini dəyərlərin yanlış yozulmasına qarşı preventiv maarifləndirmə aparmaq və sağlam ictimai mühitin formalaşmasına dəstək verməyi qarşıya məqsəd qoyur.