Dahi lider Heydər Əliyev təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam edir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə hüquq sisteminin müasir çağırışlara uyğun inkişafı üzrə ardıcıl tədbirlər görülür.

 

QHT. az  AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu konfransda məhkəmə-hüquq islahatlarında Heydər Əliyev siyasi iradəsinin təntənəsi barədə geniş məruzə ilə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir ötən dövrdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirildiyini, 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri və inzibati ədliyyə institutunun yaradıldığını, məhkəmə infrastrukturunun müasirləşdirilərək yüksək texnoloji – “hi-tech” bina və komplekslərin inşa olunaraq istifadəyə verildiyini, "Elektron məhkəmə" informasiya sisteminin geniş tətbiqini, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimini qeyd edib. Dövlət başçısının 2019-cu il 3 aprel tarixdə imzaladığı məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərmanının icrası üzrə tədbirlərə toxunulub.

Ədliyyə naziri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan doğma torpaqlarımızın azad edilməklə Ümummilli Liderin ən ümdə vəsiyyətinin və xalqımızın arzusunun reallığa çevrildiyini bildirib, dövlət başçısının rəhbərliyi ilə həmin ərazilərin sürətli bərpasını vurğulayıb. Ulu Öndərin adını daşıyan və yarandığı gündən ölkənin sosial-iqtisadi inkişafına dəyərli töhfələr verən Heydər Əliyev Fondunun rəhbəri, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm layihələrin reallaşdırılmasını xüsusi qeyd edib. Bildirib ki, torpaqlarımızın qısa müddətdə dirçəldilərək soydaşlarımızın doğma yurdlarına Böyük Qayıdışı ilə həmin bölgədə milli hüquq institutlarının da fəaliyyəti təmin ediləcək.