Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüşdə parlamentarilərin və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsinə verdiyi töhfənin xüsusi qeyd olunması yüksək qiymətləndirilməlidir.
Bu fikirləri QHT.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri, “Sülh Körpüsü” Təşəbbüsünün üzvü Ramil İskəndərli bildirib.
Onun sözlərinə görə, liderlər səviyyəsində vətəndaş cəmiyyətinin fəaliyyətinə belə qiymət verilməsi mühüm siyasi mesajdır:
“Bu, ilk növbədə onu göstərir ki, Azərbaycan-Ermənistan normallaşma prosesi yalnız dövlət rəhbərləri və diplomatik institutlar arasında aparılan danışıqlardan ibarət proses kimi nəzərdən keçirilmir. Sülhün siyasi-hüquqi çərçivəsinin formalaşdırılması ilə yanaşı, onun ictimai əsaslarının yaradılması da gündəliyin mühüm istiqamətlərindən birinə çevrilir”.
Ramil İskəndərli Bişkek görüşünün 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaların məntiqi davamı kimi qiymətləndirilməli olduğunu bildirib. Onun fikrincə, Vaşinqton görüşü uzun illər davam etmiş qarşıdurmadan sonra Azərbaycan-Ermənistan sülh gündəliyini keyfiyyətcə yeni mərhələyə çıxarıb. Sülh sazişinin razılaşdırılmış mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması münasibətlərin normallaşdırılması üçün mühüm siyasi çərçivə yaradıb.
Bişkek görüşündə vətəndaş cəmiyyətinin rolunun dövlət rəhbərləri səviyyəsində müsbət qiymətləndirilməsinin xüsusi əhəmiyyəti var. Cəmiyyətlər arasında ünsiyyət kanallarının açılması və qarşılıqlı etimadın tədricən formalaşdırılması vacibdir”, – deyə Ramil İskəndərli vurğulayıb.
AMQF rəhbəri bu kontekstdə üzvü olduğu “Sülh Körpüsü” Təşəbbüsünün təcrübəsini xüsusi qeyd edib. O bildirib ki, təşəbbüsün mühüm xüsusiyyətlərindən biri Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında üçüncü tərəfin iştirakı olmadan birbaşa dialoqun qurulmasıdır.
Ramil İskəndərlinin sözlərinə görə, 2025-ci ilin sonlarından etibarən həyata keçirilən qarşılıqlı səfərlər, Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri, Azərbaycan nümayəndə heyətinin Ermənistanda keçirdiyi görüşlər, eləcə də Qəbələdə dialoqun davam etdirilməsi iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında birbaşa ünsiyyətin mümkünlüyünü nümayiş etdirib.
O, eyni zamanda vurğulayıb ki, ictimai diplomatiya tarixi yaddaşı unutmaq və ya münaqişənin yaratdığı ağrıları görməzdən gəlmək kimi başa düşülməməlidir. Uzun illər davam etmiş münaqişənin nəticələrini və cəmiyyətlərdə yaranmış qarşılıqlı etimadsızlığı bir neçə görüşlə aradan qaldırmaq mümkün deyil.
Ramil İskəndərli proseslərin daha geniş geosiyasi kontekstdə də qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri əldə olunmuş hərbi-siyasi nəticələrin uzunmüddətli regional sülhə çevrilməsidir. Bu proses Azərbaycanın beynəlxalq sistemdə artan rolunun da göstəricisidir. Azərbaycan artıq yalnız dəyişən geosiyasi reallıqlara uyğunlaşan dövlət deyil, öz imkanları daxilində regional reallıqların formalaşmasına təsir göstərən orta güc kimi çıxış edir. Ölkənin çoxtərəflilik – multilateralizm siyasəti müxtəlif siyasi və iqtisadi mərkəzlərlə paralel əməkdaşlıq etməyə imkan verir.
Ramil İskəndərli sonda bildirib ki, Bişkek görüşündə parlamentarilərin və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətinə verilən siyasi qiymət həm görülmüş işlərin təsdiqi, həm də gələcək fəaliyyət üçün mühüm təşviq kimi qəbul edilməlidir.
Fatimə Nəbiyeva












