Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək, yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, professor Zərifə xanım Əliyevanın adının Azərbaycanın XX əsr tarixinin ən görkəmli simaları sırasına qızıl hərflərlə yazıldığını bildirib. Qeyd edib ki, tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyeva oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla görmə problemli insanlara şəfa olan bir insan olub. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, nailiyyətlər, bunların əsasında yaratdığı əsərlər ölkəmizdə tibb elminin parlaq səhifələridir. Şöhrəti sərhədləri aşan akademik Zərifə Əliyevanın elm və səhiyyədə iz qoyub. Xalqımız Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün yaddaşına həkk etməklə, parlaq xatirəsini həmişə ehtiramla anır.












