Xəbərlər 03.02.2023 08:54 4497

Həkimlər QHT sədrinin  nəvəsini öldürdü

Bir neçə gün öncə Bakıda 2008-ci il təvəllüdlü Tuncay İlkin oğlu Zeynallı həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişib.

QHT.az xəbər verir ki, bu barədə Axar.az-a yeniyetmənin babası, Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov deyib.

Onun sözlərinə görə, Tuncay yanvarın 8-də qar yağan zaman axşam saatlarında evə qayıdarkən sürüşərək yıxılıb:

“Yıxılanda başı bərk əzildiyindən yaddaşını itirir və heç kimi tanımır. Onu evə yoldaşları gətirmişdi. Səhhətindən elə bir şikayəti olmasa da, yaddaşının düzəlmədiyini görüb oğlumla birgə onu 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) apardıq. Oranın Təcili yardım şöbəsində Tuncayı Bayram adlı həkim tomaqrafiya etdi və keçici amneziya diaqnozu qoydu. Ancaq daxili orqanları yoxlanılmadı. Yıxılan adamın hansı müayinələrdən keçməli olduğunu həkim xəstəyə deməlidir. Ancaq bizə bu barədə bir söz deyilmədi. Üstəlik, bizə nə tomaqrafiyanın cavabı, nə də dərman verildi. “Narahat olmayın bir şey yoxdur. Gedin evə, yaddaşı yerinə qayıdacaq” deyib bizi yola saldılar. Evə gələndə uşaq key kimi oturmuşdu. Tuncay ailə üzvlərini düz 3 gün tanımadı. Növbəti gün bir az dincəlmək üçün uzandı və 20 dəqiqə sonra ani hər şeyi xatırlamağa başladı. Bundan sonra ondan nəsə narahatlığının olub-olmadığını soruşdum, o isə bir az başının və ayağının ağrıdığını dedi. Həkimə bu barədə məlumat verəndə narahatlığa səbəbin olmadığını bildirdi və yatması üçün sakitləşdirici dərman qəbul etməsini tapşırdı. Tuncay yanvarın 18-nə kimi bizə nədənsə şikayət etmədi. Bizə indi də maraqlıdır ki, axı orqanlar o günlər ərzində niyə heç bir reaksiya vermirdi?!

Yanvarın 22-si Tuncayın ayağının ağrısı şiddətlənməyə başladı. Bu dəfə TƏBİB-in Aşağı Güzdək qəsəbəsindəki tibb müəssisəsindən icbari sığorta ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına göndərdilər. Orada da ayağına baxıb təkrar dərman yazdılar. Biz isə etiraz edib artıq bu prosesi keçdiyimizi bildirdik. Bizə burada tapşırmışdılar ki, ayağını suya qoyun, yazılan dərmanları qəbul etsin. Deyilənləri etməyimizə baxmayaraq, uşağın ağrıları getdikcə artırdı. Buna görə yenidən həkimə zəng etdik və Nevrologiyaya aparmağımızı tapşırdı. Orda Tuncayı MRT-yə (Maqnit-Rezonans Tomoqrafiya) saldılar. Bundan sonra bizə artıq yubatdığımızı bildirdilər. Uşağın beyin sümüyü partlayıb və qulağından irin gəlirmiş, artıq beyin zədələnmişdi. Təcili LOR həkiminə aparmaq lazım olduğu deyildi. Yenə heç bir tibbi yardım maşını ayrılmadı və özümüz uşağı Mərkəzi Klinik Xəstəxanaya çatdırmağa məcbur olduq. Ancaq o boyda xəstəxanada nə bir LOR həkimi tapıldı, nə də başqa biri tövsiyə olundu. Buna görə məcbur evə qayıtdıq. Uşaq bütün gecə yatmadı. Uşaqda sən demə, artıq daxildə proseslər gedirmiş. Gözlərinin altı saralmışdı. Sən demə, bu da öd partlayan zaman olurmuş.

Növbəti gün Tuncayı Abşeron Rayon Mərkəzi Xəstəxanasına apardıq, ordan bizi yenidən “Semaşko”, “Semaşko” isə “Uniklinika”ya göndərdi. Orada sığorta ilə hər şeyin qarşılanacağı deyildi. Bu müəssisədə “Sizin işinizlə məşğul oluruq” deyib heç bir kömək etmirdilər. Halbuki uşağı müayinə edə-edə də lazımı yerlərlə danışmaq, sığortanı həll etmək olardı. Artıq rəsmən onlara yalvarırdıq. Lakin “cavab almamışıq” deyib yubadırdılar. Biz bütün analizlərin pulunu ödəməyə hazır olduğumuzu deyəndən sonra nə isə etməyə başladılar. Həkimlər də bizə hər şeyin yaxşı olduğunu dedi, biz də inandıq. 300 manata yaxın analizlər üçün pul köçürdük. Sonra əməliyyatla bağlı soruşduqda onlar yenə TƏBİB-dən (Rəna xanımdan) cavab gözlədiklərini bildirdilər. Uşaq isə əlil arabasında ağrı içində kənarda qalmışdı.

Sonra bizə Tuncayı K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparmağımızı tapşırdılar. Onlar analizlərin cavabına baxandan sonra uşağın durumunun ağır olduğunu və çox gecikdirdiyimizi dedilər. Bəli, gecikdirmişik, amma bunun günahı bizdə deyil axı! İlk gündən bizi gecikdirən sizsiz... İnstitut bizi bir daha içalatın vəziyyətini dəqiqləşdirmək üçün “Uniklinika”ya göndərdi. Ümid edirdik ki, artıq onlar xəstənin vəziyyətindən xəbərdardır və uşağın uzanması üçün təcili yardım maşını ayıracaqlar. Ancaq vəziyyəti bilə-bilə heç bir yardım etmədilər. Uşağı zarıya-zarıya maşınla aparıb-gətirməli olduq.

Bu günlər ərzində şərəfsizlik görmədiyim yeganə yer Elmi-Tədqiqat Pediatriya İnstitutu oldu. Direktor Allahverdi Musayev uşağın əməliyyatı böyük proses olduğundan, Mərkəzi Klinikadan həkimlər dəvət etdi. Onun sözlərinə görə, Tuncayda vəziyyət ciddi idi – artıq öd dağılmış, ciyərlərdə ləkə və digər problemlər yaranmışdı.

Sonra ona sistemlər qoşularaq əməliyyata hazırlıq görüldü. Ancaq türk həkimlər gəlib çıxanadək uşaq komaya düşdü. Həkimlər ona ürək masajı etdikdən sonra Tuncay reanimasiyaya yerləşdirildi. Uşaq reanimasiyada da vəfat etdi”.

Y.Zeynalov bildirib ki, əgər Tuncay həkimə aparıldığı ilk gün daxili orqanlarını USM-ə salsaydılar, xəstəlik daha tez məlum olar, müdaxilə edilərdi:

“Mənim ilk etirazım 1 saylı Şəhər Klinik Xəstəxanasınadır. Xəstəlik əgər çox ciddi olsaydı, onu 18 gündən sonra öldürməzdi. Sadəcə bu savadsız həkimlər gələcəyin əsgərlərini göz görə-görə məhv etmək üçün əllərindən gələni edirlər. Məsələni ictimaiyyətə çatdırmağımda məqsəd bundan sonra heç kimin övladına görə canının yanmamasıdır.

Tuncay həkim olmağı arzulayırdı. Amma onu məhz həkimlərin məsuliyyətsizliyi məhv etdi”.

AXAR.AZ

P.S. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı