Xəbərlər 08.03.2023 08:59 4164

Xoşbəxt olmağın ən gözəl yolu, sahib olduğun ailənin dəyərini bilmək, onu hər şeydən qorumaqdır

“Müasir dövrdə ailə institutumuzu necə qorumalıyıq?”

 Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Bir binanın təməli necə möhkəm olmalıdırsa, ailənin təməli də elə möhkəm və güclü olmalıdır. Ailədə hər bir insan ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalıdır. Axı dövlətin kiçik forması sayılan ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Və belə olan zaman güclü dövlətdən söhbət gedə bilməz.

Ailəni biz həyatımızın bir parçası da hesab edə bilərik. Ailənin əsasında ən başlıca rol oynayan insanlar valideynlərdi. Yəni ana və ata. Məhz onların sayəsində biz böyüyüb, boya-başa çatırıq. İnsan həyatda hər bir zaman valideynlərə borcludur.

 

Bəzən şahidi oluruq ki çox gözəl, ziyalı, ailəcanlı valideynlərin nankor, pis vərdişlərə yiyələnən övladları bir ailəni məhvə sürükləyir. Təbii ki bu hallarda” uşaq evdə gördüyünü götürür”- demək düzgün olmaz, bu halda ətraf mühitin təsiri, ailənin diqqətsizliyi, az zaman ayırması və s səbəblər də ola bilər. Hətta evdə valideynlərin, məktəbdə müəllimlərin diqqətindən kənar qalan, sevilməyən, təriflənməyən uşaqlar tezliklə pis vərdişlərə də yiyələnə bilir. Bu baxımdan istənilən halda valideyn və müəllimin iş birliyi, əlaqələrinin güclü olması bu kimi halların qarşısını zamanında ala bilir.

 

Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin birgə fəaliyyətinin xüsusi rolu var. İllərdir yüzlərlə istedadlı məktəbli və gənclərlə işləyən biri kimi deyə bilərəm ki birgəfəaliyyətin müsbət cəhətləri olduqca çoxdur və bu fəaliyyət nəticəyönümlüdür.

 

 

 

Sağlam ailənin təməli həm də sağlam evliliklə qoyulur. Ailədəki hər xırda narazılıqdan böyük problem yaradan tərəflərin sağlam ailə qurmaq şansı az olur ki, bunun zərərini də həm cəmiyyət çəkir, həm də uşaqlar.

 

Bəzi uşaqlar sevgiylə böyüyərkən, bəziləri sevginin nə olduğunu belə bilməzlər. Bəzi uşaqlar əylənərkən, bəziləri əyləncənin nə olduğunu bilməzlər. Bəziləri var -dövlət içində üzərkən, bəziləri çörəyə həsrət qalarlar, uşaqlar var dünyanı bəzəyər, uşaqlar da var ki bəzəyə möhtac…

Müasir dövrdə bir çox problemlər var. Qlobal, istisadi, siyasi, ekoloji , maddi , eyni zamanda psixoloji problemlər, iş həyatında isə stress, aqressiya, konfliktlər və s. Müasir dövrdə geniş yayılmış problemlərdən biri də ailə daxilində olan konfliktlərdir.

Bu problemlər də insana psixoloji təsir göstərir, insanın saglamlığının aşağı səviyyədə olmasına, eyni zamanda birbaşa ailəyə təsir göstərir. Güclü və təməli möhkəm qurulan ailələrdə bu cür problemlər ailəyə ayaq basa bilmir. Ailə dəyərlərini bilənlər, hər kiçik problemi böyütmürlər, çünki ailənin dəyərindən böyük heç nəyin olmadığını, hətta onları narahat edən hər hansı prblemin belə ailəyə hüzursuzluq gətirməməsi üçün onları ailə münasibətlərini pozacaq hala gətirmir, evdə lazımsız konfliktlər yaratmırlar. Yaxşı gündə də, pis gündə də bir-birinin əlindən tutub güclü olmağı, ayaqda durmağı bacarar güclü ailələr. Buna görə də ailə səmimi və sağlam münasibətlər üzərində qurulmalı, ailədə qarşılıqlı hörmət olmalıdır. Ətraf mühitin ailə münasibətlərinə pis təsirindən qaçmaq, əvəzində xoşbəxt olmağın yollarını axtarmaq lazımdır.

 

Xoşbəxt olmağın ən gözəl yolu, sahib olduğun ailənin dəyərini bilmək, onu hər şeydən qorumaqdır.

Uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur. Çox təəssüf ki, dünyanın bəzəyi olan xeyli sayda uşaqlar bəzəksiz qalıb. Ailə zorakılığı, işgəncələrə məruz qalan uşaqlar da var..

Dünyada nə qədər uşaq var, amma uşaqlığını yaşaya bilməyən, böyüməyən. İşgəncələrə, ədalətsizliklərə ən çox məruz qalan onlardır. Dünyaya gəlmədən onun yaşayıb-yaşamayacağına qərar verilən uşaqlar olur… Doğulduqdan sonra, köməyə möhtac-yenə uşaqlar olur.

Həyata tutunmağı bacarmadan həyatdan qoparılan uşaqlar, erkən nikaha məcbur olan uşaqlar heç vaxt böyümürlər. 

 

Dəfələrlə televiziya verilişlərində şahidi olmuşuq ki, çox məsuliyyətsiz, içki düşkünü, altı, yeddi uşaqlı ailələrdə valideyn adını daşımağa layiq olmayanlar övladlarının taleyinə biganə qalaraq onları diləndirir, ya da bütün məsuliyyəti dövlətin üstünə atır.” Yeddi uşağım var, dövlət baxsın”- deyən valideyn anlamır ki, dünyaya gətirdiyin övladlarıyla birgə kiçik bir cəmiyyət qurub yaradıb və bu kiçik cəmiyyəti öz başçılığı və səhvləri ilə məhv edir. Onlara səfil həyatı yaşadaraq öz pis vərdişlərinə davam edən valideynlərin aidiyyatı qurumların müdaxiləsi sonrası faydasız peşimançılıqlarının da zamanla şahidi oluruq və bu da onların möhkəm olmayan təməl əsasında qurduqları ailənin tezliklə dağılmasına səbəb olur.

 

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən 2008-ci ildən etibarən hər il Azərbaycanda 15 may “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir. Bu günün xüsusi qeyd edilməsində məqsəd ailə institutunun inkişafına, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliğ olunmasına töhfə verməkdir.

Bütün Ailələrimizə xoşbəxtlik və rifah arzulayırıq! Xoşbəxt ailənin isə açarları çoxdu- Etibar, inam, sevgi, minnətdarlıq, diqqət, qarşılıqlı anlaşma, hörmət, sadiqlik, məsuliyyət, mərhəmət, qayğı….

 

Vüsalə Qələndərli

AFİA.AZ saytının redaktoru

“İstedadları tanıyaq və tanıdaq” İB-nin sədri

Continue Reading

Previous:

Ombudsman MM-də illik məruzə ilə çıxış edir


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı