Xəbərlər 12.05.2025 08:35 124

Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" adlı ilk kitabı işıq üzü görüb - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yasamal Rayon Heydər Əliyev Mərkəzində Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" və araşdırmaçı-yazıçı, publisist Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitablarının təqdimat mərasimi keçirilib.

QHT.az xəbər verir ki, əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" adlı ilk kitabı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub. Araşdırmaçı-yazar, publisist Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan Musayevanın 70 illik yubileyinə töhfə olaraq nəşr edilib.

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq qonaqları salamlayıb və tədbir haqqında geniş məlumat verib.

Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazilə Rəhimovaya verilib. O qeyd edib ki, Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" adlı kitabının işıq üzü görməsi sevindirici, qürurverici hadisədir. Bu nəşr Tərlan Musayevanın Ulu Öndərə vəfa borcunun və sədaqətinin tərənnümüdür və gənc nəslə təqdim və təbliğ olunmalıdır. Heydər Əliyev Tərlan Musayeva haqqında belə yazıb: “Tərlan bütün respublika gənclərinə nümunə olmalıdır.”

Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan xanımın keçdiyi çətin və şərəfli ömür yolunu əhatə edir.

Tədbirdə Yasamal Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva, Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, Yasamal MKS-nin Mirzə Şəfi Vazeh adına kitabxanasının əməkdaşları, Xırdalan MKS-nin əməkdaşı Pərvanə Muradlı, şair Qulu İsmayılov, Aytəkin Mehmanqızı və ziyalı Qulu Əlioğlu çıxış ediblər.

Sonda Güllü Eldar Tomarlı Mədəniyyət Nazirliyinə, Yasamal Rayon İcra Hakimiyyətinə və Yasamal Rayon Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildirib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı