Xəbərlər 01.06.2023 16:10 1969

Vətəndaş cəmiyyətinin inkişafı

Yeganə BAYRAMOVA

 

Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin inkişafını təmin edən başlıca amillər var. Bu amillər qismində isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsi çıxış edir.

 

Hər bir ölkənin inkişafını təmin edən mühüm amillərdən biri milli maraqların və xalqa məxsus milli-mənəvi dəyərlərin qorunmasıdır. Mütərəqqi baxışları özündə ehtiva edən milli ideologiyanın təbliği bu prosesdə mühüm rol oynayır. Çünki bu, bir tərəfdən xalqın vahid amal ətrafında sıx birləşməsini təmin edirsə, digər tərəfdən də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə kimi çıxış edir. Şübhəsiz ki, bütün bu proseslərdə bir sıra subyektlərlə yanaşı, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayırlar. Belə ki, həmin təsisatlar müxtəlif layihələr vasitəsilə vətəndaşların və bütövlükdə cəmiyyətin milli maraqlar ətrafında səfərbər olunmasına töhfə verir, ictimai həmrəyliyin və milli birliyin təmin olunmasında fəal iştirak edirlər. Bu kontekstdə Azərbaycan nümunəsi də müsbət örnək kimi diqqəti cəlb edir.

Ümumiyyətlə, Azərbaycanda siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən siyasi-hüquqi islahatlar, ictimai sektorun inkişafına xidmət edən tədbirlər hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması işinə fundamental töhfələr bəxş edir. Bu sıraya ictimai-siyasi institutlaşma tendensiyasının əsasının qoyulmasını, intensivləşdirilməsini, təsisatların leqal və legitim fəaliyyətinə əlverişli şəraitin yaradılmasını, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibətlər sisteminin formalaşdırılmasını və s. aid etmək olar.

 

Vətəndaş cəmiyyəti institutlarının legitim fəaliyyəti

 

Mövzu barədə “Yeni Azərbaycan”a danışan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, ölkəmizdə dinamik siyasi sistemin struktur elementlərinin mütəmadi olaraq təkmilləşməsi vətəndaş cəmiyyəti institutlarının da legitim fəaliyyətinə əlverişli şərait yaradır. Onun sözlərinə görə, Azərbaycanın dinamik siyasi sistemə malik olması mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilən vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi önəm kəsb edən təməl strateji əsasdır: “Məhz bütün bunların fonunda vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyətdə üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən mexanizm kimi çıxış edir. Odur ki, məhz bu cür funksionallığın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə olan subyektlər qarşılıqlı surətdə bir-birlərinin sosiallaşmasına təsir etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını, həmçinin siyasi sistemin inkişafını şərtləndirir. Bu isə ümumi sosiumun tərkibində “mərkəzdənqaçma” meyillərini neytrallaşdırmaqla yanaşı, sosial, hüquqi, mədəni və iqtisadi münasibətlər sisteminin aktorları arasında qarşılıqlı əlaqələri təmin və mühafizə edən mexanizm qismində çıxış edir”.

 

QHT-lərin inkişafı dövlətin diqqət mərkəzində

R.Zeyni qeyd edib ki, vətəndaş cəmiyyətinin başlıca institutlarından olan ictimai birliklər-QHT-lər də ictimai-siyasi proseslərdə mühüm rol oynayan subyekt kimi səciyyələndirilməlidir: “Azərbaycanda QHT-lərin fəaliyyəti üçün olduqca demokratik və leqal əsaslar formalaşdırılıb, bu istiqamətdə zəngin qanunvericilik bazası mövcuddur. Milli maraqlar və dəyərlər əsasında fəaliyyət göstərən QHT-lər vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verməklə yanaşı, ictimai münasibətlər kontekstində inteqrasiyanı sürətləndirirlər.

 

Qeyd etmək lazımdır ki, ölkəmizdə QHT-lərin fəaliyyətini səmərəli edən mühüm faktorlardan biri də onların dövlət tərəfindən mütəmadi olaraq maliyyələşdirilməsidir. İctimai birliklərin maliyyələşdirilməsi, öz növbəsində, həmin qurumların qeyri-şəffaf mənbələrdən asılılığına imkan verməməklə yanaşı, milli maraqların və dəyərlərin mühafizəsinə də əhəmiyyətli töhfələr bəxş edir”.

 

Azərbaycançılıq ideologiyasının təbliği

 

Xalqımızı vahid amal uğrunda sıx birləşdirən milli məfkurənin məhz azərbaycançılıq ideologiyası olduğunu vurğulayan R.Zeyni bildirib ki, bu ideologiya gənc nəslin tərbiyəsində, vətənə bağlılığında, milli maraqlarımızın qorunmasında mühüm əhəmiyyətə malikdir: “Azərbaycançılıq eyni zamanda milli həmrəyliyi təmin edən mütərəqqi dəyərlər sistemidir. Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycançılıq ideologiyasının təbliğində vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. QHT-lər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayırlar. Ümumiyyətlə, ölkəmizdə milli birliyin və həmrəyliyin formalaşmasında vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin rolu böyükdür. Bu gün dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan vətəndaş cəmiyyəti institutları həyata keçirdikləri layihələrlə istər gənc nəslin milli ruhda tərbiyə olunmasında, istərsə də azərbaycançılıq ideologiyasının təbliğində mühüm rol oynamaqdadırlar. Eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan QHT-lər 44 günlük Vətən müharibəsi dövründə də öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi desək, yanılmarıq. Həmin dövrdə ölkəmizdə fəaliyyət göstərən QHT-lərin milli həmrəylik nümayiş etdirərək işğalçı Ermənistana qarşı birgə bəyanat qəbul etməsi, beynəlxalq təşkilatlara müraciətlər ünvanlaması haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rollardan birini oynadı.”

 

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı