Gəncə şəhər Baş Polis İdarəsində müstəntiqlər və təhqiqatçılar üçün təlim keçirilib
6 iyun tarixində Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqləri və təhqiqatçıları üçün təlim keçirilib.
QHT.az xəbər verir ki, təlim İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair müddəaların tətbiqi mövzularını əhatə edib.
Təlimi giriş nitqi ilə açan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Vüqar Əmirov qonaqları salamlayaraq İnstitutun bu təlimlərlə bağlı təşəbbüsünü yüksək dəyərləndirib və hər zaman əməkdaşlığa açıq olduqlarını vurğulayıb.
İnstitutun İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verərək, keçiriləcək təlimlərin müstəntiq və təhqiqatçıların işinə verəcəyi töhfələri diqqətə çatdırıb.
Təlimdə iştirak edən Avropa Şurası Katibliyinin baş hüquqşünası Xaqani Quliyev Strasburqdan onlayn formada təlimə qoşularaq İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsinin mahiyyəti, əsas prinsipləri və tətbiq edilən əsas meyarları, “qanunçuluq” anlayışının izahı, azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması, 5-ci maddə üzrə Avropa Məhkəməsinin çıxardığı qərarlarda ən çox tanınan pozuntular haqqında çıxış edib və iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.
İnstitutun hüquq eksperti Vəfaddin İbayev “Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik baxış bucağında. Azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması” mövzusunda çıxış edib. O, həmçinin, Azərbaycanla bağlı İHAM-ın qərarlarında 5-ci maddə üzrə pozuntunun tanınması statistikası, pozitiv və neqativ öhdəliklərin əsas xüsusiyyətləri, qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təminində əhəmiyyəti, təcrübədə mövcud olan problemlər, onların həlli ilə əlaqədar tövsiyələr, qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər, azadlıq və toxunulmazlıq hüququ ilə bağlı aşkar edilmiş pozuntuları şərh edib.
Təlimin yekununda 5-ci maddə üzrə “Şübhəli şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət” və “Həbsdə saxlanılma müddətinin uzadılması”na dair kazuslar qrup işi formasında həll edilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, eyni zamanda təlimin iştirakçılar tərəfindən qiymətləndirilməsi keçirilmişdir.
Sonda 22 polis əməkdaşına İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində əks etdirilən “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusu ilə bağlı təlimdə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.