Orta və böyük qrant müsabiqələrinə hansı tələblər qoyulub?
"Orta və böyük qrant məbləğləri kiçik qrantlarla müqayisədə 2-3 dəfə çoxdur. Əgər hər hansı QHT dövlət büdcəsindən ayrılmış maliyyəni düzgün idarə edə bilməyibsə, maliyyə öhdəliklərini pozubsa, ona 30 və ya 50 min manatlıq qrant məbləği etibar olunmayacaq. Belə QHT-lər orta və böyük qrant müsabiqələrinə buraxılmayacaq".
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O, qeyd edib ki, orta qrant müsabiqələrində iştirak üçün daha bir şərt layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 informasiyanın media subyektlərində yayılmasıdır: “Aydınlıq üçün deyim ki, qanunla “media subyekti” dedikdə, yalnız Media Reyestrindən keçmiş media qurumları nəzərdə tutulur. Əgər hər hansı QHT barəsində son 3 il ərzində ictimaiyyət ciddi mediada heç 10 informasiyaya rast gəlməyibsə, onun fəaliyyəti artıq şübhəlidir və ona 30 min manatlıq qrant məbləği etibar oluna bilməz. Böyük qrant məğləblərində isə bu tələblər müvafiq olaraq, 5 il ərzindəki müddəti və azı 20 informasiyanın media subyektlərində yayılmasını nəzərdə tutur”.
Ülviyyə Qarayeva həmçinin qeyd edib ki, təkliflər də var idi ki, orta və böyük qrant müsabiqəsinə yalnız müvafiq olaraq 3 və 5 il təcrübəsi olan QHT-lər buraxılsın: “Lakin biz bunu doğru saymadıq. Biz istəyirik ki, cəmiyyətimizdə sağlam QHT-lərin sayı daha çox olsun, ona görə də yeni və ya köhnə fərqi qoyulmadan hamıya bərabər, sağlam rəqabət imkanları yaradılır. Əgər yeni yaranmış QHT illərlə fəaliyyət göstəmiş QHT-dən daha yaxşı layihə təqdim edə bilirsə, onun qarşısı niyə alınmalıdır ki?! Burada rəqabət layihənin daha keyfiyyətli hazırlanması və icrası uğrunda getməlidir”.
Pərvanə Fərhadqızı