Ali Baş komandanın tapşırığı yerinə yetirildi – Emin Həsənli
Azərbaycan Silahlı Qüvvələrinin uğurlu antiterror əməliyyatından sonra Ali Baş komandan xalqa müraciətində baş verənlərin mahiyyətini ortaya qoymuş oldu. Bu müraciətində Azərbaycan Prezidenti İlham Əliyev 30 ildən artıq müddətdə davam edən Ermənistan təcavüzünə nəzər saldı.
Hərbi ekspert Emin Həsənli hesab edir ki, 2020-ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra 300 nəfərin mina qurbanı olması və 19 sentyabrda daha altı Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnən mina terroru artıq qırmızı xəttin keçilməsi idi.
“Azərbaycan dövləti buna dözə bilməzdi. Cənab Prezident də öz çıxışda bildirdi ki, buna son qoyulmalı idi. 2020-ci il məğlubiyyətindən sonra Azərbaycana Ermənistanda istehsal olunan minalar gətirilib. Bu proses Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər davam etdi. Prezident bildirdi ki, terrorçular cəzalandırıldı. Və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Ali Baş komandan antiterror tədbirləri nəticəsində bizim hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərməsini xüsusi qeyd etdi O bildirdi ki, ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Prezident həmçinin Ermənistan ordusunun qalıqlarının tamamilə məhv edildiyin bir daha vurğuladı.
Azərbaycan Prezidenti bir məsələni də xüsusi vurğuladı - Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Ali Baş komandanın bu tapşırığının Silahlı Qüvvələrimizin mənsubları tərəfindən yerinə yetirildiyini demək olar.
2020 noyabr bəyanatını yada salan İlham Əliyev bunun əksinə olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadığını bildirib. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. Prezident 24 saatlıq əməliyyat vasitəsi ilə bu texnika və sursatın zərərsizləşdirildiyini xüsusi qey edib”.