Xəbərlər 23.09.2023 01:25 4098

Ölüm sevinməsin qoy...

Ərkivan şəhid övladını son mənzilə yola saldı

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində həyata keçirilən qısamüddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində şəhid olan Masallı rayonu Ərkivan ərazisinin Allahyarlı kənd sakini Məmmədov Ramil Habil oğlu (18.10.2004-22.09.2023) ilə vida mərasimi keçirilib.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan qəhrəmanımızın nəşi doğulduğu ünvanda torpağa tapşırılıb.
Dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatın məsul işçiləri, Milli Məclisin üzvləri Məşhur Məmmədov, Razi Nurullayev, şəhidin yaxınları, idarə-müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Araz Əhmədov bildirib ki, öz çirkin məqsədləri naminə törətdiyi təxribatlardan əl çəkməyən düşmənin arzusu ürəyində qalacaq. Çünki xalqımızın dünya miqyasında tanınmış müzəffər Ali Baş Komandan İlham Əliyev kimi lideri, qüdrətli Ordusu və Ramil kimi qəhrəmanları, milyonlarla məğlubedilməz gənci var. 
Rayon rəhbəri çıxışını Xalq şairimiz Səməd Vurğunun bu misraları ilə tamamlayıb:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...

Dəfn mərasimində şəhid əsgər Ramil Məmmədova rəhmət dilənib, ruhuna dualar oxunub. 
Rayon rəhbəri şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağını atası Habil Məmmədova təqdim edib.  

 

Akif AĞAYEV


 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı