Hafiz Səfixanov: "Süni intellektə əsaslanan silah sistemləri həyat və ölüm haqqında qərarlar verməməlidir"
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov dünyada silahlanma və terrorizmin təhlükələri ilə bağlı ciddi xəbərdarlıqlar edib.
O, silahlı birləşmələrin nəzarətdən çıxması və süni intellektə əsaslanan ölümcül silah sistemlərinin inkişafı barədə narahatlığını ifadə edib. Hafiz Səfixanov terror qruplaşmalarının bu silahları əldə etməsi və ya özləri tərəfindən hazırlanmalarını təsəvvür etmənin insanlarda vahimə yaratdığını qeyd edərək, bu tip silahların ciddi fəlakətlərə yol aça biləcəyini vurğuladı:
"Bir neçə il bundan qabaq Rusiyada “Vaqner” silahlı birləşməsinin üsyanı və paytaxta hücuma keçməsi, bəzi ekspertlərin bildirməsinə görə nüvə silahına can atması dediklərimizə sübut kimi qəbul oluna bilər. Burada qeyd etmək lazımdır ki, müzakirələr süni intellektə əsaslanan sistemlərin tamamilə ləğvi istiqamətində aparılmır, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində süni intellektə əsaslanan sistemlərin tətbiqi alqışlanır. Hazırda minaların təmizlənməsində, təhlükəli və fəlakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi, sərhədlərin qorunması və s. kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində süni intellektə əsaslanan sistemlər tətbiq edilir".
Hafiz Səfixanov Azərbaycan Respublikasının Cənubi Qafqazın lider dövləti olaraq, BMT çərçivəsində süni intellektə əsaslanan silah sistemləri ilə bağlı hüquqi müqavilənin hazırlanması və müzakirələrdə fəal iştirak etməsinin vacib olduğunu da vurğuladı:
"Bütün bunları nəzərə alaraq ölümcül təsirli süni intellektə əsaslanan silah sistemlərinə ölüm və həyat haqqında qərarlar vermək səlahiyyəti verilməməlidir. Dövlətlər insan həyatını qorumaq və ölümün avtomatlaşdırılmasına qarşı hüquqi qırmızı xətlər çəkmək üçün süni intellektə əsaslanan silah sistemləri haqqında hüquqi müqaviləni müzakirə etmək üçün cəsarətli siyasi addımlar atmalıdır. Nəzərə almaq lazımdır ki, qonşuluğumuzda yerləşən bəzi dövlətlərdə də bu silah silah sistemlərinin hazırlanması üçün ciddi işlər aparılır. Düşünürük ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikası süni intellektə əsaslanan silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə aktiv iştirak edərək öz təsirli tövhəsini verə bilər".
Pərvanə Fərhadqızı