“Biz gəlirik” idman layihəsinin növbəti ünvanı – Masallı
“İdman hamı üçün” layihəsi çərçivəsində
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı keçirilən “Biz gəlirik” açıq idman layihəsinin növbəti məkanı Masallı şəhəri olub.
İdman və sağlam həyat tərzinin təbliği, fiziki inkişaf məqsədi daşıyan kütləvi idman tədbiri dekabrın 2-də, Masallı şəhərindəki Heydər Əliyev parkında gerçəkləşib.
Gimnastika, voleybol, futbol, boks, güləş, karate, qarışıq döyüş, cüdo, taekvondo, ağırlıqqaldırma, şahmat və digər stolüstüoyun idman növləri üzrə nümunəvi çıxışlar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Lənkəran və Masallı Uşaq Gənclər İdman Məktəblərinin, eləcə də Masallı Təhsil Sektorunun Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin Əməkdar məşqçilərinin, peşəkar müəllimlərinin rəhbərliyi altında göstərilib.
Digər əyləncəli və mütəhərrik idman oyunları uşaq, yeniyetmə və gənclərlə yanaşı müxtəlif yaş qrupuna mənsub insanlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə fərqlənən iştirakçılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif ediliblər.
Akif AĞAYEV